Faiq Xudayev: Azərbaycanda kinoa bitkisinin becərilməsinə maraq artıb - MÜSAHİBƏ
22.07.2021

Kinoa bitkisi bir çox faydaları ilə sağlam qida kimi tanınmaqla dünya əhalisinin diqqətini cəlb edib. Vətəni Cənubi Amerika və And dağları olan kinoa bitkisi əsasən Himalay və Tibet dağlarında yetişdirilir. Son illərdə kinoa bitkisinin becərilməsi ilə Boliviya,Uruqvay və Peru məşğul olur. Bu bitkinin idxalında ABŞ 90%-lə liderlik edir. Ətrafımızda baş verən müxtəlif iqlim dəyişkənliyi insanların ərzağa olan tələbatının ödənilməsi üçün taxıla alternativ olan bitkilərin qida rasionuna daxil olmasını tələb edir. Məhz kinoa bitkisi taxılın alternativi olmaqla, duzluluğa davamiyyəti, yüksək keyfiyyəti və müalicəvi xüsusiyyətlərinə görə fərqlənir. 2013-cü il NASA tərəfindən dünyada "Kinoa ili" elan olunmuşdur. Bu isə bitkiyə olan marağın daha da artmasına səbəb oldu. Bir çox xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanda da bu bitkinin becərilməsinə fermerlər tərəfindən zəmin yaranıb. Artıq ölkəmizə kinoa bitkisinin yeni sortlarının toxumları gətirilib. “Bəşəriyyətin xilaskarı” adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün kütləvi şəkildə əkini planlaşdırılır. Bu bitkinin ölkəmiz üçün hansı perspektivləri var.

Mövzuyla bağlı Kənd Təsərrüfatı Nazirliyi Yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu direktoru Faiq Xudayev Visiontv.az-a müsahibə verib.

Faiq müəllim, Azərbaycanda kinoa bitkisinə maraq necədir?

- Öncə qeyd edim ki, kinoa bitkisinin sortlarının toxumları Azərbaycana bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən gətirilib. Hazırda ölkənin bir neçə bölgəsində test üsulu ilə becərilir. Kinoa bitkisinin müsabət xüsusiyyətlərini saymaqla bitməz. Ən əhəmiyyətli xüsusiyyəti "super oksid dismutaz” fermenti ehtiva etməsidir. Bu ferment yaşlanmağı gecikdirir, dərini qocalmağa qarşı qoruyur. Bundan başqa, son zamanlarda sıxlıqla görülən xərçəng xəstəliyinin də önlənməsinə köməkçi olur. 

Bitkinin əkin prosesi necə həyata keçirilir?

- Hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutunun təcrübə sahələrində Türkiyədən gətirilən kinoa bitkisinin müxtəlif formalarının təcrübə məqsədilə əkini həyata keçirilir. Kinoa bitkisinin əkini zamanı bir hektara təxminən 5 kiloqram toxum səpilir. Toxumlar kiçik olduğu üçün torpaqdakı dərinliyi 1-2 santimetr olmalıdır. Cərgəarası məsafə isə 45-60 santimetr arasında dəyişə bilər. Bitkinin vegetasiya dövrü 120 gündür və sentyabrda məhsul yığılması nəzərdə tutulub. Məhsuldarlıq isə regiona uyğun olaraq dəyişir. Məsələn Kinoa bitkisindən Türkiyədə quraqlıq şəraitdə hər hektara 1,5 ton, suvarılan ərazilərdə isə 2-3 ton məhsul yığılır. Kinoa bitkisinin vətəni olan Cənubi Amerikada isə bir hektar sahədən 9 ton məhsul əldə edilir.
Azərbaycanda kinoa bitkisinin elmi əsaslarla öyrənilməsi nə zamandan başlayıb?

- AMEA-nın Botanika İnstitutu Kürdəmir rayonu ərazisində bu bitkinin elmi əsaslarla öyrənilməsini bir neçə illərdir ki, aparırlar. Lakin bunların təsərrüfatlara inteqrasiya olunması, fermer təsərrüfatlarında əkilib-becərilməsi bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilir. Düzdür, bitkinin hələ ki, ölkəmizdə sahəsi çox qısadır. Lakin gələcəkdə bu sahələrin daha da genişləndirilməsi istisna edilmir.

Bu bitkinin dünyada və Azərbaycanda qiyməti neçəyədir?

- Dünya bazarında kinoa bitkisinin 1 kiloqramı təxminən 20-50 dollar arasında dəyişir. Bu isə onun növündən, tərkibindəki qidalıq dəyərindən aslıdır. Azərbaycanda bitkinin 1 qramı təxminən 12-13-15 manat civarında satılır. 

Kinoa bitkisinin becərilməsi ölkəmizin hansı əraziləri üçün şəraitə daha uyğundur?

- Kinoa bitkisi quraqlığa davamlı olduğuna görə quraq bölgələrdə çox böyük ərazilərdə becərilə bilər. Hazırda bitkinin müxtəlif bölgələrdə becərilərək hansı şəraitə uyğun olması araşdırılır. İlkin nəticələrimiz onu deməyə əsas verir ki, Abşeron, Saatlı rayonları üçün daha münasibdir. Beyləqan və Tərtər rayonları ərazisində də əkilən kinoa bitkisinin elmi əsaslarla öyrənilməsi davam etdirilir. 

Orxan Kərimov.