Facebook Messengerdə yeni funksiya istifadəyə verilib
07.02.2019

Facebook Messengerdə yeni funksiya istifadəyə verilib

"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Facebook Messenger"də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib.

Visiontv.Az AZƏRTAC-a istinadən bildirir ki, bu funksiya vasitəsilə "Messenger"də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və "hamı üçün silmək" və ya "özün üçün silmək" funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.

Funksiyadan "iOS" və "Android" əməliyyat sistemlərinin sonuncu versiyalarının bütün istifadəçiləri yararlana bilər.

"Facebook Messenger" "Facebook" sosial şəbəkəsi tərəfindən yaradılan və ona inteqrasiya edilən məlumat və video mübadiləsi üçün mobil proqramdır. 2018-ci ilin dekabrın sonuna olan məlumata görə, hər ay təxminən 2,7 milyard insan "Instagram", "WhatsApp" və "Messenger" daxil olmaqla "Facebook" servislərindən istifadə edir.