Əxlaqi bütövlüyü olmayan şəxslərin milli davası-Deputat Fazil Mustafa
21.05.2020

Böyük rus filosofu Berdyayev “Rusiyanın taleyi” əsərində yazırdı ki, “siyasətdə zahiri əxlaqlılıq yersiz və dözülməzdir.

Siyasətin arxasında insanın mənəvi enerjisi dayanmalıdır. Məcaraçılıq prinsipi ilə qarışmış siyasətdə əxlaqçılar və radikallarda çox vaxt şəxsiyyətin əxlaqi bütövlüyü çatmır. Bu həm də cəmiyyətin xaos və anarxiya anlarında üzə çıxır. Bizdə qurban getməyə, öz həyatını ideyaya həsr etməyə qadir ayrı-ayrı qəhrəmanlar olur, ancaq inqilabçı kütlədə əxlaqi xarakter olmur”. Bu tezisləri anoloji olaraq “Azərbaycanın taleyi” üzərindən təhlil edərkən Milli Şuranın son üzə çıxan görüntüsündə zahiri əxlaqlılığın fəsadlarını bir daha proqnozlaşdırmaq imkanı əldə etdik, əxlaqi bütövlüyü olmayan şəxslərin milli dava adlanan müqəddəsliyi küçə davası, milli şüar adlanan müqəddəs bir çağırışı küçə söyüşü səviyyəsində görə biləcəklərinin anonsunu verdilər.

Yenə də həmin Berdyayev siyasətin hüdudlarını belə təyin edir: “Siyasətdə mütləqlik mümkün deyil, nə teokratik, nə sosdem, nə də tolstoyçu anarxist mütləqlik mümkün deyil. Ancaq mütləqlik insan ruhunun başlanğıcında, insanın müqəddəs saydığı dəyərə daxili inamında mümkündür. Siyasətin özü isə həmişə konkret və nisbidir, həmişə mürəkkəbdir, həmişə mövcud zamanın və məkanın tarixi məsələləri ilə bağlıdır. Siyasətdə hər şey xüsusilə olur, ümumiyyətlə olmur. Siyasətdə hər şeyi prinsipin gücünə avtomatik təkrarlamaq olmaz. Bir tarixi anda yaxşı olan, digərində pis ola bilər”. İndi düşünün, Ötən əsrin 90-cı illərinin günümüzün başlayan 20-ci illərinin sadəcə bir fərqi var: fərqli tarixi anlardır və hər bir tarixi anın öz tələbi və öz davranış qaydaları var. İndi Milli Şuranın siyasi lunatikliyi bu fərqli tarixi anların yerlərini dəyişik salmağa davam edəcəksə, özlərinin siyasi intiharını bir yana qoyub, ardınca gələnlərin faydalı düşüncə əmsallarını sıfırlamağa və nəticədə İslam dinində olduğu kimi yobazlaşmış din kütləsinə bənzər yobazlaşmış siyasi kütlə yaratmaqla onların dini həyatımızı zəhərlədikləri kimi, bunlar da siyasi həyatımızı zəhərləməyə davam edəcəklər .

Unutmayaq ki, xalq deyilən, mexaniki formasız kütlə deyildir, xalq xarakteri, şüur və iradə intizamı olan və nə istədiyini bilən orqanizmdir. Demokratiya artıq xalq xarakterini təşkil edən, şəxsiyyəti hazırlayan, özünü milli həyatda əks etdirə bilən dəyərdir. Xalqı, onu təşkil edən şəxsiyyətləri illüziyalara bağlı yığın kimi deyil, milli həyatda əks olunan dəyər kimi hazırlamaq missiyasını bu dedi-qodu mühitinin mazoxizmindən zövq alanlar anlaya bilmədiklərini hər addımda ortaya qoyurlar. Nə yazıq ki, mövcud tarixi şərtlərə görə bizdə xalq xarakterini demokratiya dəyəri deyil, təhlükəsizlik dəyəri şəkilləndirir. Bu da müstəqilliyin ilk illərindən miras qalan torpaq itkisindən doğan təhlükəsizlik sindromundan qaynaqlanır. Biz dini ənənəmizə görə kədərin, faciənin altında qalmağı xoşbəxt bir ideologiyaya çevirən bir toplumuq, onu ayaqlarımız üçün plasdarma çevirməyə qadir olan tarixi mirasa malik deyilik. Sadəcə bu təhlükəsizliyin keyfiyyəti haqlı ya da haqsız olaraq mədənin dolu, orta və ya boş olması ilə müəyyənləşir.

Visiontv.az