"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi": Ərdoğanın bu sözünü Xameneyinin paylaşdığı "tvit"ə cavab kimi də qiymətləndirmək olar
"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi": Ərdoğanın bu sözünü Xameneyinin paylaşdığı "tvit"ə cavab kimi də qiymətləndirmək olar
26.07.2022 Bəybala Mirzəyev Tərəfindən

"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın bu sözünü İranın dini lideri Xameneyinin bu yaxınlarda Qarabağla, Zəngəzurla bağlı paylaşdığı "tvit"ə cavab mesajı kimi də qiymətləndirmək olar. Çünki son vaxtlar Ermənistanla bağlı ritorikalarında “qırmızı xəttimiz” ifadəsini işlədən cənab Xameneyiyə və digər İran rəsmilərinə Türkiyədən də belə bir reaksiyanın gəlməsi gözlənilən idi. 

Yeri gəlmişkən, Ermənistanla ikitərəfli münasibətlərin normallaşması barədə danışan Ərdoğan bu ölkə ilə münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdirdiklərini bildirib.  

Ərdoğandan sitat:

"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var. Biz ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistandan konkret addımlar gözləyirik".

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasında Zəngəzur dəhlizinin açılması da olduqca müsbət rol oynaya bilər. Lakin İran Zəngəzur dəhlizinin açılmasının qəti şəkildə əleyhinə çıxır.

Bəybala Mirzəyev

Visiontv.az