Ermənistandan “ixrac edilən” İran məhsulları Rusiya ərazisində yoxa çıxır
Ermənistandan “ixrac edilən” İran məhsulları Rusiya ərazisində yoxa çıxır
30.03.2023 Elçin Mirzəbəyli Tərəfindən

Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınan ölkələrə səfər edəcək.

Bişkekdə keçirilən brifinqdə o, sanksiyaların Rusiyanın müasir silah növlərinə çıxışını minimuma endirmək, onu hərbi üstünlükdən məhrum etmək və maliyyə gəlirlərinin Ukraynadakı müharibə üçün istifadəsini məhdudlaşdırmaq məqsədi daşıdığını vurğulayıb.

Xüsusi nümayəndə deyib: "Biz Rusiyadan neft və qaz almayacağımızı söylədik. Sanksiyaların digər məqsədi Rusiyaya iqtisadi ziyan vurmaqdır. Və paket gücləndiriləcək. Hazırda Avropa İttifaqının tərəfdaşları ilə razılaşdırılmış on sanksiya paketi var.. Onlara qoşulmayan ölkələr də var. Biz bu qərara hörmətlə yanaşırıq. Amma yadda saxlamaq lazımdır ki, sanksiyalara qoşulmayan ölkələr onlardan yan keçmək üçün platformaya çevrilməməlidirlər.

O'Sullivan əmin edib ki, bütün Aİ şirkətləri və ölkələri sanksiyaların həyata keçirilməsini təmin etməyə hazırdır. Onun missiyası isə sanksiyalardan yan keçməyin mümkün olduğu ölkələrlə dialoq aparmaqdır:

"Aİ ilə Rusiya Federasiyası arasında ticarət axınlarını, eləcə də Qırğızıstandan artan axını təhlil etdikdən sonra bu barədə danışmaq olar. Qırğızıstan yeganə belə ölkə deyil. Mən BƏƏ, Türkiyə, Pakistanda olmuşam və niyyətim var ki, Özbəkistanda, Qazaxıstanda, Ermənistanda və Gürcüstanda olum. Bu cür hərəkətləri dayandırmaq üçün müəyyən irəliləyişlərimiz və ideyalarımız var”.

"Sözügedən ölkələrdə idxalda 300 faiz artım olub. Bilmək istəyirik, sizin tələbləriniz və iştahınız artıb, yoxsa bu mallar Rusiyaya ixrac olunur?”.

O əlavə edib ki, Aİ ixrac edilən məhsulların hərbi məqsədlər üçün istifadə olunmasını və komponentlərinin Rusiyanın hərbi sənayesində istifadə olunmasını istəmir: "Rusiyadan tranzit keçən malların orada qalmasından narahatlıq keçiririk. Biz bunun belə olmadığına dair təsdiqləyici faktlar əldə etmək istəyirik".

Qeyd edim ki, Rusiyanın sanksiyalardan yayınması üçün “ötürücü” missiyasını yerinə yetirən ölkələrin siyahısında Ermənistan ön sıralarda yer alır. Ermənistan İrandan, əsasən hərbi sənayedə istifadə olunan məhsulların Gürcüstan ərazisindən keçməklə Rusiyaya ötürülməsində əsas funksiyanı yerinə yetirir. Diqqətin cəlb edilməməsi və idxalla tələbat, həmçinin ixrac arasındakı fərqin ifrat dərəcədə böyüməməsi üçün məhsulların bir hissəsinin, guya Ermənistan ərazisində yaradılmış İran-Ermənistan birgə müəssisələrində istehsal olunduğu qeyd olunur. Daha sonra isə İrandan gətirilən, təxminən 5-7 min adda məhsul Ermənistanda istehsal edilən məhsullar kimi qablaşdırılır və sənədləşdirilir və Rusiyadan “keçməklə” Avrasiya İqtisadi İttifaqı “məkanı”na daxil olan ölkələrə “göndərilir”. Əslində Ermənistandan “ixrac edilən” İran məhsulları Rusiya ərazisində Avropa İttifaqının xüsusi nümayəndəsinin dolayısıyla dediyi kimi, yoxa çıxır. Yəni sanksiya altına düşən məhsullar Rusiya ərazisində boşaldılır, yerinə başqa məhsullar doldurulur, yaxud vaqonlar və yük maşınları elə yüksüz Avrasiya İqtisadi İttifaqına üzv olan “ölkələrə” yola salınır. Bu baxımdan, Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsinin Avrasiya İqtisadi İttifaqına üzv olkələrə səfər etməsi və yaxud edəcəyi barədə anons verməsi təsadüfi deyil.

Xatırladım ki, İranın Ermənistandakı səfiri Abbas Zohuri hələ bu ilin avqust ayının 27-də yerli mediaya açıqlamasında bildirmişdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı “İranlı” iş adamlarına İttifaqın bazarlarında işləmək imkanı yaradır. Sitat: “İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır”.

2022-ci il ərzində Ermənistanda “fəaliyyətə başlayan” İran şirkətlərinin, o cümlədən “təsis edilən” İran-Ermənistan birgə müəssisələrinin sayının birdən-birə, həm də sürətlə artması gerçək niyyətin sansiyalardan yayınmaq olduğunu ehtimal etməyə əsas verir. Ermənistanın rəsmi təsisatlarının açıqladığı göstəricilərə görə, ötən il bu ölkədə xarici sərmayəli 2 (iki) min şirkət və birgə müəssisə qeydə alınıb. Bu şirkətlərin, təxminən yarısı İran sərmayəli təsisatlardır. Digər yarısını isə sanksiyalardan yayınmaq üçün məkan axtarışına çıxan Rusiya şirkətləridir. Əslində Ermənistanın təbii və insan resursları, həmçinin iqtisadi potensialı bu ölkədə, cəmi bir il ərzində nəinki iki min, heç iki yüz xarici sərmayəli şirkətin fəaliyyətə başlamasına da imkan vermir. Maraqlıdır, Ukraynada müharibə başlayandan sonra Ermənistanın iqtisadi potensialına hansı amillər təsir göstərdi ki, bu ölkə birdən-birə İran biznesi üçün cazibədar, əvəzolunmaz bir ölkəyə çevrildi? Əslində, real mənzərə göz önündədir və Avropa İttifaqının xüsusi nümayəndəsinin bunun üçün Ermənistana səfər etməsinə də ehtiyac yoxdur.

Bütün bunlara baxmayaraq, sanksiyalardan yayınmaq üçün əsas platforma rolunu oynayan Ermənistanın adı, nədənsə hər dəfə sonuncu sıralarda çəkilir. Səbəbi bəllidir, şübhəsiz. Bu halda yenə də ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia edilən məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimi yada düşür...

Elçin Mirzəbəyli

visiontv.az