Ermənistan vətəndaşları Azərbaycan ərazisinə hansı statusla daxil olacaq - Elçin Mirzəbəyli
Ermənistan vətəndaşları Azərbaycan ərazisinə hansı statusla daxil olacaq - Elçin Mirzəbəyli
01.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin Moskvada keçirilən üçtərəfli görüşü ən azı 10 noyabr Bəyanatının 9-cu, 11 yanvar 2021-ci il tarixli Bəyanatının isə 2, 3, 4-cü bəndlərinin icrasına aydınlıq gətirir.

Söhbətin nədən getdiyini bilmək üçün 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinə diqqət yetirək:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
11 yanvar 2021-ci il tarixli Bəyanatının 2 və 3-cü bəndləri, əsasən texniki xarakter daşıdığı üçün, yalnız 4-cü bəndə nəzər salmağı vacib hesab edirəm:
“İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”.

Məlum olduğu kimi, ölkəmizdə ən çox müzakirə olunan və yerli-yersiz narahatlığa səbəb olan məsələlərdən biri Ermənistan ərazisindən Azərbaycana, etnik ermənilərin yaşadığı inzibati ərazi subyektlərinə daxil olan yüklər və şəxslər, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növlərinin tətbiqi ilə bağlıdır. Qeyd olunan sahələr üzrə konkret fəaliyyətin həyata keçirlməsi, işlərin təşkili və prosesə nəzarət edəcək ekspert alt qruplarının formalaşdırılması, qənaətimə görə, bu sitiqamətdə hər hansı bir problemin olmayacağına ümid yaradır. Yəni Ermənistandan Azərbaycan ərazisinə daxil olan nə varsa  təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar nəzarətindən keçəcək! Özbaşınalığa və xaosa son qoyulacaq.

Çox güman ki, qeyd olunan istiqamətlərlə bağlı hüquqi mexanizmlərin və prosedurların tətbiqi də nəzərdə tutulub. Yəni aydın olacaq ki, Ermənistan vətəndaşları, yaxud bu ölkəyə məxsus yüklər, avtomobillər və digər nəqliyyat vasitələri Azərbaycan ərazisinə hansı statusla daxil olacaqlar. Düşünürəm ki, ermənilərə ən yaxşı halda MDB məkanındakı ölkələrin vətəndaşlarına münasibətdə sərgilənən gediş-gəlişlə bağlı prosedurlar tətbiq oluna bilər. Onlar üçün hər hansı bir xüsusi statusun müəyyənləşdirilməsinə isə heç bir ehtiyac görmürəm.

Visiontv.az