Ermənistan və İranın Zəngəzur oyunu: Bölgəyə Rusiya və Avropa da daxil olur
Ermənistan və İranın Zəngəzur oyunu: Bölgəyə Rusiya və Avropa da daxil olur
06.06.2023 MEDİA Tərəfindən

Ermənistanın özündə belə ən geridəqalmış bir əyalət olan Zəngəzur indi dünya güclərinin diqqət mərkəzindədir. İran orada konsulluq açıb, ermənilərlə bir yerdə Azad İqtisadi zona yaratmağa çalışır, Rusiya bu günlərdə orda konsulluq açmaq barədə qərar verdi, o cümlədən gələn məlumatlara görə yeni hərbi təyinatlı tikintilərə start verib. Həmçinin ABŞ və Avropa Birliyi də Zəngəzur-Sünikin inkişafı üçün maliyyə ayırcağı barədə məlumatlar dövriyyəyə buraxıb. Və Uzaq Çinin də Zəngəzur dəhlizində ciddi marağının olması kimsəyə sirr deyil. Maraqlı məqam nədir? Azərbaycanın təkidlə tələb etdiyi Zəngəzur dəhlizi dünya gücləri tərəfindən mübarizə və mübahisə məkanına çevrilir. Və Ermənistan hökuməti Azərbaycandan başqa hamını bu balaca bir bölgəyə daxil olmasına icazə verir. Və görəsən Ermənistan hökuməti bu ərazidə İran-Avropa, ABŞ-Rusiya, Çin-ABŞ-Avropa, Rusiya-İran, İran-ABŞ kimi bir-birinə düşmən olan dövlətlərin bir yerdə varlığını necə tənzimləyəcək.

O cümlədən bu qarışıq bir stiuasiyadan Azərbaycan necə yararlanacaq və Zəngəzur dəhlizinin açılışına nail ola biləcəkmi? Politoloq Anar Əliyev mövzu ilə bağlı siyasi şərhçi Visiontv.az saytına açıqlama verib: 

“Rusiya Qərbi Zəngəzurda konsulluq açılması ilə bağlı Ermənistanla razılıq əldə edibdi. Bu haqda Rusiya XİN rəsmiləri məlumat verib. Məlumata əsasən əldə olunmuş razılıq üzərindən sürətləndirilmiş prosedurlarla qısa müddət ərzində Rusiyanın bölgədə konsulluğu fəaliyyətə başlayacaqdır.  Bununla bağlı artıq bölgəyə Rusiya tərəfindən səfərlərin ediləcəyi gözlənilir. Bu Ermənistan tərəfindən Rusiyanın da iştirakı ilə bölgədə yeni təxribatların yaradılması, yeni oyun qaydalarının formalaşdırılmasına xidmət edən qeyri – ciddi və real nəticələr doğura bilməyəcək gedişlərdi. 

Çünki, bundan bir qədər öncə də Ermənistan həmin ərazilərdə İrana konsulluğun açılması, Azad İqtisadi zonanın yaradılması ilə bağlı razılıq vermişdi. Bildiyimiz kimi Zəngəzur dəhlizinin açılması, 10 noyabr bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Bu dəhlizin açılması, bölgə dövlətləri ilə yanaşı bölgədə maraqları olan xüsusilə Türkiyə və Rusiyanın da ciddi marağındadır. Hələ 10 noyabr bəyanatı imzalandıqdan qısa müddət sonra Türkiyə və Azərbaycan liderlərinin təklifi ilə 3 + 3 formatı çərçivəsində əməkdaşlıq platformasının yaradılması və burada başlıca amil kimi Zəngəzur dəhlizi qeyd olunurdu.

Təəssüf ki, məhz İranın təhriki ilə Ermənistan bu platforma üçün ciddi maneələr törətdi. Bu gün bu format üzərində proseslərin irəliləməsində çox ciddi maneələr var. Eyni zamanda bu dəhlizin Rusiyanın və İranın nəzarətinə keçməsini özünə təhdid hesab edən, Rusiyaya və İrana qarşı mübarizə aparan Qərb, əks mövqedən çıxış edərək, Zəngəzur dəhlizinin maliyyələşdirilməsi, təhlükəsizlik proseslərində də müdaxilə imkanlarını qorumağa çalışır. Bununla da rəqiblərin bölgədə təsir imkanlarını zəiflətmək istəyir.

Amma hesab edirəm ki, bu proses Ermənistan üçün başağrısına çevriləcəkdir.  Bu proseslər üzərindən böyük güclər arasında manevr etmək, nəticədə də öz maraqlarına uyğun şərait formalaşdırmağı düşünən Ermənistan, əslində çox ciddi rəqiblər arasında əziləcəkdir. Nəinki, Qərb və Rusiya eləcə də İran və Rusiya, İran – Avropa arasında bölgəyə investisiyalar yatırmağa çalışan Çinlə böyük rəqabət var. Bir çox hallarda münasibətləri konfrantasiya səviyyəsinə çıxarmaq istəməsələr belə məqam yetişdikdə qarşı tərəfin maraqlarına zidd mövqe göstərilibdir.

Xüsusilə bu davranışlar Rusiya və İran arasındadır. İranın tədricən Çinlə sıx əlaqələrə meyillənməsi, Çinin İranın quru yollarının bərpasına təxminən 400 milyard yardımla bağlı razılıqların əldə olunması, Rusiyanın maraqlarına ciddi təhdidlər yaradır. 

Rusiyanın bu tezliklə Zəngəzurda konsulluğunun  açılması, İranın Rusiyanın nəzarəti altında ondan asılı vəziyyətdə iştirakçılığına hədəflənibdi. Hesab edirəm ki, artıq qarşıdakı dövlərdə biz İranla Rusiya arasında bir sıra istiqamətlərdə əldə olunan razılaşmaların yenidən gündəliyə çıxarılmasını müşahidə edəcəyik. 

Bu, İrana qarşı böyük koalisiyanın formalaşdığı indiki şəraitdə İran üçün o qədər də məqbul şərait formalaşdırmır. Bunu nəzərə alaraq İranın geri çəkiləcəyi və Rusiya ilə daha balanslaşdırılmış siyasət yürüdəcəyi çox inandırıcıdır. İran kifayət qədər hiyləgər və eyni zamanda qorxaq idarəetməyə sahibdir. Öz xalqına amansız davranan İran rejimi kənar güclərin iradəsində həmişə geri çəkilmə və güzəştə getmə mövqeyinə meyilli olub. Bu istiqamətdə də biz gələcəkdə, İranın geriyə çəkilmə addımlarını müşahidə edəcəyik…”


Bünyamin Bünyadzadə
Visiontv.az