Ermənistan heç vaxt beynəlxalq subeykt olmayıb
Ermənistan heç vaxt beynəlxalq subeykt olmayıb
05.11.2022 Sahib Alıyev Tərəfindən

Aİ-nin təşkilatçılığı ilə Brüsseldə görüş keçirildi. Yaxın günlərdə isə Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndə heyyəti sülh müqaviləsi və sərhəd problemini həll etmək üçün görüş keçirəcək. Sizcə Putinin təşkil etdiyi Soçi görüşündən sonra Aİ-nin və Vaşintonun aktivləşməsi Azərbaycan və Ermənistan danışıqlarını intensivləşdirmək və ilin sonuna kimi sülh müqaviləsinin bağlanmasına xidmət edirmi? Və ilin sonuna kimi sülh müqaviləsi bağlana bilərmi? Avropa və ABŞ-ın bu aktivliyi Moskvanı qısqanclıq sindromuna salmaqla Azərbaycan və Ermənistan sərhəddində növbəti təxribatlar törətməyə vadar edə bilərmi? Və yaxud artıq edirmi? Çünki, Vaşinqton görüşü elan olunan günü yəni, dünəndən Kəlbəcər istiqamətində təxribatlar başlayıb. Mövzu ilə bağlı millət vəkili Sahib Alıyev Visiontv.az saytına açıqlama verib:

“Minsk qrupuna həmsədrlik edənlər arasında bəhs məsələsi qarşılıqlıdır. Təkcə Rusiya Qərblə bəhsə girmir eyni zamanda Qərb də Rusiya ilə bəhsə girir. Amerika Birləşmiş Ştatlarının və Avropanın moderatorluğu altındakı keçirilməsi gözlənilən görüşlərə gəldikdə mənə elə gəlir ki, əslində Rusiyanın Soçidə təşkil etdiyi görüş onların planlarından irəli gəlirdi. Rusiya bununla təşəbbüsü əldən vermək istəmədiyini nümayiş etdirirdi. Amma əvvəlcədən də aydın idi ki, Soçi görüşü heç bir konkret nəticə ilə bitməyəcək. Çünki, konkret nəticə sülh anlaşmasının tezliklə əldə edilməsi yolunda real addımlar atılmasıdır ki, Rusiya bunu qətiyyən planlaşdırmır. Bir məsələ də aydındır ki, görüşü kimin təşkil etməyindən asılı olmayaraq hətta ola bilər ki, hər üç güc mərkəzi birgə görüş təşkil etsin. Bu ancaq o zaman uğurla nəticələnə bilər ki, Azərbaycanın maraqları nəzərə alınsın. Əgər söhbət ilin sonuna kimi sülh anlaşmasının imzalanıb imzalanmamasından gedirsə bilirsiniz ki, Prezident İlham Əliyev Praqa görüşlərindən sonra bununla bağlı nikbin mövqeyini açıqladı.  Və bildirdi ki, bu Ermənistan rəhbərliyinin atacağı addımlardan asılıdır. Ermənistan rəhbərliyi də sülh anlaşmasının tezləşməsində maraqlı idi. Lakin Ermənistan heç vaxt beynəlxalq subeykt olmayıb. İlin axırına kimi sülh anlaşmasının əldə edilib edilməməsi  daha çox vasitəçi kimi çıxış edənlərin davranışlarından asılı olacaqdır.”

Bünyamin Bünyadzadə
Visiontv.az