Ermənilər hər il ümumxalq bayramı kimi qeyd etdikləri bu gün birdəfəlik tarixin arxivinə atıldı - deputat Nəsib Məhəməliyev
Ermənilər hər il ümumxalq bayramı kimi qeyd etdikləri bu gün  birdəfəlik tarixin arxivinə atıldı - deputat Nəsib Məhəməliyev
08.05.2021 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət mərkəzi” elan olunmuşdur. Bu gün Şuşanın işğalı günüdür. Prezidentin məhz mayın 7-də sərəncam verməsi rəmzi məna daşıyır. 1992-ci ildən bəri ermənilər hər il xüsusi təmtəraqla, ümumxalq bayramı kimi qeyd etdikləri bu gün tarixin arxivinə birdəfəlik atıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Qəhrəman Azərbaycan Ordusu tarixi ƏDALƏTİ bərpa etdi.

28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni vəhşiləri, çox yaxın zamanlarda tarixi-mədəni abidələri bərpa olunmuş, ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək standartlara cavab verən dünya səviyyəli gözəl bir şəhəri görəcəklər. Hörümçək toru kimi bütün dünyaya səpələnmiş diasporanın vasitəsilə, Pənahəli xanın əsasını qoyduğu şəhəri utanmadan özününküləşdirən ermənilərə və onların himayədarlarına ən gözəl cavab məhz budur. Dünya kimin kim olduğunu əyani şəkildə görəcəkdir.

Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam  dünyasının mədəniyyət-turizm  paytaxtı olacağı şübhəsizdir. Orada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı verəcəkdir.

Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir. Ancaq hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan ölkə Başçısı prinsipial olaraq Şuşanın bərpasına xüsusi diqqət göstərir.

Şuşanın mədəniyyət paytaxtı elan olunması, Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanması və ölkə Başçısına edilən minnətdarlıq hissi ən gözəl göstəricidir.

Visiontv.az