Ərdoğanın “xəritələr dəqiqdirmi” sualı günlərdir Azərbaycan ictimaiyyətini narahat edir
Ərdoğanın “xəritələr dəqiqdirmi” sualı günlərdir Azərbaycan ictimaiyyətini narahat edir
20.06.2021 Elxan Şahinoğlu Tərəfindən

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birgə Şuşaya gedərkən aralarında belə bir dialoq olmuşdu:

İlham Əliyev: “Buralar minalarla doludur, buradan sağa-sola getmək olmaz. 15 əsir verdik, Ağdam rayonunun bütün mina xəritələrini aldıq”.

Ərdoğan: “Dedikləri yer doğru çıxdı?”

Əliyev: “Doğrudur. Çünki amerikalılar zamin durdular”.

Rəcəb Təyyub Ərdoğanın “xəritələr dəqiqdirmi” sualı günlərdir Azərbaycan ictimaiyyətini də narahat edir. Çünki söhbət Ağdam ətrafında basdırılan 97 min minadan gedir.

Bu arada, “ATV Aktual” proqramının aparıcısı Vüqar Bektaşinin suallarına cavab verən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları idarəsinin şöbə rəisi, polkovnik İlqar Nəciyev məsələyə bu şəkildə aydınlıq gətirdi: “Ermənistanın təqdim etdiyi mina xəritələri standartlara cavab vermir, düzgün tərtib edilməyib. Xəritələrin bir qismi reallığı 60% əks etdirir. Əksər hissəsi 20-30% əks etdirir”.
Vəziyyət polkovnik İlqar Nəciyevin dediyi kimidirsə demək Ermənistan hakimiyyəti bizə hiylə gəlib və xəritə yarı saxtadır. Halbuki, Azərbaycan prezidentinin dediyi kimi amerikalılar mina xəritəsinə zamin durmuşdular.

İlqar Nəciyevin açıqlamasından bir gün sonra Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov fərqli açıqlama vermək məcburiyyətində qaldı: “Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir. Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.

Anar Eyvazov bildirir ki, minalanmış ərazilərlə bağlı Azərbaycana verilən xəritə barədə indidən fikir söyləmək tezdir, çünki araşdırılma yekunlaşmayıb. Ancaq həmin fikri hansısa siyasi və ya hərbi ekspert söyləməyib, Anar Eyvazovla eyni strukturda çalışan yüksək rütbəli hərbçi televiziya ekranında səsləndirib. İlqar Nəciyev minalar barədə rəqəmləri söyləyərkən yəqin ki, son xəritə ətrafında aparılan araşdırmaya əsaslanıb, yoxsa konkret olaraq “60 faiz”, “20-30 faiz” rəqəmlərini hardan götürə bilərdi?

Politoloq Elxan Şahinoğlu

Visiontv.az