Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısında iki gözləntisini ortaya qoyub. Türkiyə Cumhurbaşqanı Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) və Türkmənistanın qısa zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmalarını istədiyini bildirib.
Kuzey Kıbrısla bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır. Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Kuzey Kıbrıs Türk Cumhuriyyətinin təşkilata tamhüuqlu üzvlüyünə hələ ki, ehtiyatla yanaşırlar. KKTC Cumhurbaşqanı Ersin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkəkdəki toplantıya müşahidəçi statusunda qatılıb. Mərkəzi Asiya ölkələri KKTC-nin müşahidəçi statusuna etiraz etmirlər. Ancaq Ankara və Lefkoşe tam üzvlük istəyirlər. Əslində KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir. ABŞ və ya Avropa İttifaqı dövlətləri bu qərara görə Mərkəzi Asiya ölkələrinə sanksiya tətbiq etməzlər. Ona görə Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə KKTC ilə bağlı qərar verməli olacaqlar. Türkmənistanın təşkilata üzvlüyü isə Aşxabadın qərarından asılıdır. KKTC-dən fərqli olaraq Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyünü qurumdakı dövlətlərin tamamı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib.
Elxan Şahinoğlu
visiontv.az