Ərdoğan Əliyevə təşəkkür etdi: “Bu müharibədə qalib gələcəyik”
11.04.2020

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Visiontv.az xəbər verir ki, zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. 

Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan nitqinin əvvəlində iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Türkiyə prezidenti daha sonra koronavirusla bağlı yaranan problemlərin həlli ilə bağlı görülən işlərdən danışıb:

"Görünməz düşmənə qarşı çətin bir müharibə aparırıq. Türk Dünyası olaraq bu mərhələdən inanıram ki, güclənərək çıxacağıq.

Düşünürəm ki, səhiyyə nazirlərimiz də fikir və məlumat mübadiləsi edə bilərlər. Əlbəttə, bu müharibədə qalib gələcəyik.

Rabitə sektoru da bu pandemiya ilə bağlı vacib bir sınaqdan keçir. İnanıram ki, Şuramız bu mənada kiber təhlükəsizliyin inkişafında və həyata keçirilməsində də rol oynaya bilər".