Əqidə sahibləri 25 ildir “Şərq”i qoxulayır
Əqidə sahibləri 25 ildir “Şərq”i qoxulayır
27.10.2021 Şöhrət El-Dəniz Tərəfindən

Bizim bu camaatda neft qoxusuna bu qədər sevgi hardandır anlaya bilmirəm. Düzdür neftdən çoxlu parfumeriya və kosmetik mallar hazırlanır. Və təbii ki, bu malların qoxusu müvəqqəti olsa da cəlbedicidir. Bir də təbii ki, neftdən pul qoxusu gəlir. Əslində elə bizim camaatı cəlb edən də parfumeriyanın yox, pulun qoxusudur. Qanqaraçılıq olmasın, bu qoxu hər adamın burnu üçün deyil.

Söhbətimi nəyə gətirirəm. Bu gün sosial şəbəkələrdə məni narahat edən təbii və feysbuk dostlarımın daha çox neft qoxusundan cuşa gəldiklərini sezməyim oldu. Əslində bu coşquya etirazım yoxdur. Etirazım 25 ildir türkçülük, dövlətçilik qoxusu verən “Şərq”ə olan ögeylikdir. Ögey sözünü deməyim “Şərq”çi dostlarımın xətrinə dəyməz yəqin. Mən neftin qoxusunu türkçülüyün, millətçiliyin, dövlətçiliyin qoxusundan üstün tutan dostlarımın laqeyidliyinə deyinmək üçün bu sözdən istifadə etməyə məcbur oldum.

 Bu öz yerində olmayan görüntüyə münasibətim. İndi isə yerində olan görüntüyə münasibət bildirmək istəyirəm.

“Şərq”i mən 25 ildir tanıyıram. Akif Aşırlını isə təqribən 20 ildir şəxsən tanıyıram.

Bu 25 illik dövr ərzində mən mətbuatın yüksəlişini və enişini gördüm. Mərd və yaltaq gördüm. Əqidəli və əqidəsiz gördüm. Yaxasındakı medalını, əlindəki qələmindən üstün tutan gördüm. Pulun gücünü, sözün gücündən dəyərli hesab edən gördüm. Amma “Şərq”i 25 il bundan əvvəl necə gördümsə o cür əqidəli, millətçi, dövlətçi gördüm. Akif bəyi, Yusif bəyi və “Şərq”in digər bəylərini dırnaq arası yox, elə əsil bəy kimi gördüm. Xanımlarını da xanım-xatın gördüm.

Atalar “25 il bir igidin ömrüdür” deyib. “Şərq” 25 illik ömründə ataların dediyi həmən igidi böyütdü, əqidə sahibi etdi. Onlar da millətini, dövlətini sevən biri kimi Qarabağda dastan yazdılar. Dediklərim heç kimə bəlağətli sözlər kimi gəlməsin. Müstəqilliyimizin əqidəli insanını yetişdirmək elə də asan deyil. Adətən bu cür insanı əqidəli yazarlar, ziyalılar, ideya adamları yetişdirir. 1918-ci ildə 1-ci Respublika dövründə də bu belə idi, 3-cü Respublika dövründə də belə oldu. Əli bəy Hüseynzadə, Əhməd Cavad, Üzeyir bəy Hacıbəyli, Ceyhun Hacıbəyli, Cəlil Məmmədquluzadə və digər əqidə, ideya adamlarının yazdıqları və nəşr etdirdikləri olmasaydı bu günkü “Şərq”, Akif Aşırlı, Yusif Nəzərli və digər milli qəzet, jurnallar, baş redaktorlar, jurnalistlər olmayacaqdı. Olsa da tamam başqa əqidə sahibləri olacaqdılar.

Hardan gəlib hara çıxdım. Əslində qısa yazmaq, təbrik etmək istədim. Amma sözlər gəldi, hələ də gəlir. Ona görə nöqtə qoyub Akif Aşırlı başda olmaqla bütün “Şərq” kollektivini təbrik edirəm. Həmişə sizdən türkçülük və dövlətçilik qoxusu gəlsin.

P.S Təbii və feysbuk dostlarıma isə deyim ki, neft qoxusu sağlamlığa ziyandır. Sağlam əqidə sahibi olmaq istəyirsiniz “Şərq”i qoxulayın.

Şöhrət El-Dəniz