Epidemiyanın ocağı olan Uhanın dəhşətli bazarı
31.01.2020

Çində koronavirusun (2019-nCoV) yaranmasına səbəb olduğu deyilən Uhan şəhərindəki bazardan görüntülər ortaya çıxıb.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu günə kimi 132 nəfərin həyatına son qoyan virusun yayıldığı bazarda ilan, qurbağa, yarasa və digər heyvanların ətləri satılıb.

Çinli alimlər koronavirusun ilk olaraq Uhandakı marketdən dəniz məhsulları ilə yayıldığını ehtimal etsələr də, sonradan araşdırmalar nəticəsində Uhan bazarındakı rəfdə satılan heyvan ətinin virusun ilkin mənbəyi olması qənaətinə gəliblər.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 min 41, bu virus səbəbindən ölənlərin sayı isə 132 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 9 min 239 nəfərə çatıb. İndiyədək 110 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa ən çox yoluxma və ölüm halları Xubey vilayətində qeydə alınıb - 3554 yoluxma və 125 ölüm.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka və Kambocada ümumilikdə 64 nəfərin virusa yoluxması təsdiqlənib.