Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsistemi istifadəyə verilib
08.11.2019

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) istifadəyə verilib.

Visiontv.az-ın məlumatına görə, görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sistem dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir. Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir: "Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyət və çevikliyinin artırılmasıdır. Dövlət başçısının fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan MAS bu məqsədə xidmət edən bir addımdır".

MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A. Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və bu baza daim yenilənir: "MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir".