Elman Rüstəmovun səlahiyyət müddəti uzadıla bilər
01.04.2020

Mərkəzi Bankın sədri Elman Rüstəmovun 2020-ci il aprelin 4-də səlahiyyət müddəti başa çatır.

Visiontv.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında deyib ki, biz onu təsdiqləməliyik:

“Elman Rüstəmovun səlahiyyət müddəti mütləq başa çatırsa, onu təsdiqləməliyik. Sadəcə cənab prezident təqdimat edəndən sonra Milli Məclis təsdiq edir. Hələlik koronavirusa görə Milli Məclisin plenar iclasları saxlanılıb”.

Modern.az-ın əldə etdiyi digər məlumata görə, Elman Rüstəmovun səlahiyyət müddətinin bitməsi barədə Milli Məclisə sənəd daxil edilməyib:

"Güman ki, məsələ koronavirusa görə bir qədər uzana bilər". "Mərkəzi Bank haqqında" qanuna əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Konstitusiyanın 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin edilirlər.

Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi. Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.