Əli Kərimli haqqında 20 ildən sonra iki tənqidi status yazdım: Reaksiya aqressiv oldu
Əli Kərimli haqqında 20 ildən sonra iki tənqidi status yazdım: Reaksiya aqressiv oldu
05.04.2022 Şöhrət El-Dəniz Tərəfindən

Neçə ildir siyasi partiyalardan və liderlərindən yazmıram. Mənim üçün hazırda onların fəaliyyəti çox primitiv xarakter alıb. Partiyaların və liderlərinin doxsanlardakı aktiv, arqumentli siyasi fəaliyyətlərindən əsir-əlamət qalmayıb. Niyə primitiv dediyimi isə indi əsaslandıracağam.

Uzun illərdən sonra Əli Kərimlinin Feysbukdakı səhifəsinə rast gəldim və izləyirəm. Müxalifətdə olan bir siyasi partiya rəhbəri kimi, yazdığı statuslardakı fikirlərin məna yükü, arqumentlik dərəcəsi sözün düzü məni qane etmir. Yəni siyasi lider kimi keyfiyyətləri müasir mübarizə metodlarına cavab vermir. Statuslarında hay-küy elementləri, Feysbukun intelektsiz təbəqəsinin cığallıq metodlarına söykənən arqumentləri ilə dolu fikirləri daha çoxdur. Ola bilər “Feysbukdakılara bu da bəs edər” fikri ilə yanaşır öz elektoratına. Amma mən siyasi liderin öz elektoratına daha konseptual və arqumentli fikirləri ilə müraciət etməsinin tərəfdarı olduğumdan Əli Kərimli haqqında 20 ildən sonra iki tənqidi status yazdım. Tərəfdarlarının reaksiyası mənə maraqlı gəldi. Tənqid etdiyim fikirlərə cavab vermək əvəzinə Əli Kərimlinin şəxsinə yönəlik müdafiə taktikasına üstünlük verdilər. Əli Kərimlinin fikirlərini tənqid etdiyimə görə mənə deyilən iradların ən qabarıq olanı isə prezident İlham Əliyevlə müqayisə hissəsi oldu. Çünki mənim tənqidi fikirlərim qarşılığında onların ən rahat müdafiə üsulu qarşıdakına niyə İlham Əliyevi tənqid edə bilmirsən deyərək qorxaq olmaqda ittiham etməkdir. Ən primitiv müdafiə üsulu.

Cavab verirəm.

İlham Əliyev siyasi lider kimi siyasi hədəfinə çatıb. O YAP sədri kimi iqtidara gəlib və neçə illərdir prezidentdir. Gördüyü işlər göz qabağında. Prezident kimi tənqid də olunur, tərif də deyilir. Tək 2-ci Qarabağ savaşındakı qalibiyyəti onu lider kimi regional fovarit etdi. Əli Kərimli isə illərdir müxalifət lider kimi siyasi mübarizə apardığını iddia edir. Ən yaxşı göstəricisi millət vəkili seçilməsi olub. Və hal-hazırda cəmiyyəti, elektoratı, medianı müxalif siyasi lider kimi zəbt edib. Ona görə onun fəaliyyəti, dedikləri daha çox hədəfdə olur və yaxud olmalıdır. Və apardığı mübarizənin siyasi əhəmiyyətini, arqumentli olduğunu cəmiyyətə sübut etməlidir. Yoxsa Feysbukda bir-birini acılayan gənclər kimi cəmiyyəti yumşaq desəm mənasız, arqumentsiz fikirlərlə dolamamalıdır. Siyasi mübarizədə öz elektoratını dolamaq kimi fəndlər işlədilirsə və buna məmun qalan insanlar olursa deməli nə lideri iqtidara gəlməyə layiqdir, nə də onun apardığı mübarizə siyasi xarakterli deyil.

Siyasi partiyaların fəaliyyəti ona görə bu qədər passiv və primitiv olub ki, ətraflarında olan 4-5 nəfər maniken liderlərini cəmbərə alıb ona toxunulmazlıq statusu verib, deyilən, yazılan bütün tənqidi fikirlərə və təkliflərə asi kəsiliblər. Heç bir tənqidi fikir o cənbərdən keçib liderə dəymir. Ki mənəm-mənəmlik yuxusundan ayılsın. Hamısı toxunulmaz olub elektorata yuxarıdan aşağı baxırlar. Medianı isə konkret iki yerə bölüblər, dostlar və düşmənlər. Bir cümlə tənqid yazanı düşmən elan edib linçləyirlər. Ona görə mən hal-hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları və liderlərini ciddiyə almıram.

Şöhrət El-Dəniz

Visiontv.az