Elçin Mirzəbəylinin erməni faşizmi-“Seqakron”çuluq yoxdur deyənlərə cavabı
Elçin Mirzəbəylinin erməni faşizmi-“Seqakron”çuluq yoxdur deyənlərə cavabı
05.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

Özünü hamıdan ağıllı saymağa alışmış bəzi şəxslər iddia edirlər ki, guya Azərbaycanda erməni faşizmi - “Seqakron”çuluqla bağlı səslənən fikirlərin heç bir əsası yoxdur və umumiyyətlə bu məsələni “şişirtmək lazım deyil”.

Doğrudur, belələri “Seqakron” sözünü məndən fərqli olaraq, ənənəvi, yaxud “xaç ataları”nın ənənəsinə uyğun bir şəkildə, rus dilində tələffüz olunduğu kimi yazırlar. Amma önəmli mahiyyətdir. Məhz bu səbəbdən də, hələ ötən il noyabr ayının 7-də yazdığım “Erməni antisemitizminin kökləri” adlı araşdırmamda yer alan bəzi məqamları, hansısa səbəblərdən qəzəbli görkəm alanların və maraqlananların diqqətinə çatdırmaq istəyirəm:

“Ultramillətçi erməni xəstəliyinin - ariizmin siyasi müstəviyə daşınması Adolf Hitlerin Alman Nasional Sosialist Partiyasından xeyli öncə baş verib:
1887-ci ildə Cenevrədə, 1890-cı illərdə isə Tiflisdə elan edilən “Qnçak” və “Daşnaksütun” partiyalarının fəaliyyətə başlaması ilə... “Qnçak”, “Daşnaksütun” və Alman Nasional Sosialist partiyalarının ideoloji platforması arasındakı yaxınlığı görmək üçün isə xüsusi araşdırmaya ehtiyac da yoxdur. Hər 3 partiya sosial demokratiya, inqilabçı sosializm ideyaları arxasında gizlənərək, öncə sol millətçilik, daha sonra ultraradikal millətçilik xətti yürdüblər.
Daşnakların faşizmə olan sevgilərinin açıq şəkildə ifadə olunduğu zaman kəsiyi isə Adolf Hitlerin partiyasının Almaniyada hakimiyyətə sahiblənməsindən sonra başlayır.

1936-cı il, sentyabrın 17-də “Daşnaksütun” partiyasının nəzarətindəı olan “Ayrenik” qəzetində dərc olunan məqalədə deyilir: “Birinci Dünya müharibəsində məğlub olan, milli birlik, həmrəylik problemi yaşayan Almaniyanın qeyri-müəyyən, dolaşıq siyasəti onu heç yerə aparmırdı... Adolf Hitler hakimiyyətə gəldikdən sonra isə almanların qəlbindəki irqçi hisslərə toxunmaqla, milli dahilik mənbəyini ortaya qoymaqla məğlubiyyət əhval-ruhiyyəsinə son verdi...
Almaniya Birinci Dünya Müharibəsindən sonra heç vaxt Hitler hakimiyyətində olduğu kimi real, yaxşı düşünülmüş, planlaşdırılmış siyasət yürütməyib. Alman düşüncəsi heç vaxt indiki qədər belə ifadəli, dəqiq və zəngin olmayıb. Xaricilərin Hitler və faşizm haqqında nə deməsindən asılı olmayaraq, faşizm Almaniya və İtaliya kimi iki dövləti yenidən doğmaqla və canlandırmaqla özünü təsdiqlədi...”

Elə eyni mətbu orqanın 19-21 avqust saylarında Almaniyadan ABŞ-a yenicə qayıdan “Daşnaksütun” təmsilçilərindən biri yazır: “Yəhudilər bütün xalqlardan daha millətçidirlər və öz irqlərinin təmizliyi üçün fanatikcəsinə mübarizə aparırlar.

...Bəzən bu zəhərli elementlərdən xilas olmaq çox çətin görünür. Onlar xroniki xəstəliklər kimi daha dərində gizlənirlər. Bu zaman hansısa xalq onları ənənəvi olmayan üsullarla qırmağa başlayır və bu üsullar inqilabi üsullar kimi qəbul olunur. Cərahiyyə əməliyyatları zamanı qanın axması adi məsələdir. Belə vəziyyətlərdə diktatura xilaskar rolunda çıxış edir ”.
İndi isə ermənıdilli “Ayrenik” qəzetinin ingilisdilli əlavəsində - “Ayrenik Uikli”nin 10 may 1935-ci il tarixli sayında daşnak Ceyms Mandalyanın redaktorluğu ilə yayımlanan məqalədə yer alan bəzi məqamlara diqqət çəkək. Məqalədə Buxarestin vitse-merinə istinad olunaraq deyilir: “Ermənilər biz rumınlara yəhudi elementlərinin köləsi olmamağımız üçün kömək etdilər”.

Ermənilərin irqi-dini təlimatlarının müəllifi, Ermənistanın paytaxtında “şərəfinə” 6 metr hündürlükdə abidə ucaldılan muzdlu, faşist Qaragin Njde “Ayrenik Uikli”nin 10 aprel 1936-cı il tarixli sayında yazır:

“Təmiz irqli insan öz təmiz qanının ilahi təbiətinə inanır. İrq hər şeydən üstümdür və yüksəkdə dayanır. İrq birinci yerdədir. Hər şey irq üçün. İrqi-dini təlimatlara görə, təmiz qanlıların eyni inamı, eyni rəhbərliyi, eyni siyasi rəmzləri var. Təmiz qanlı insanların öz geyimi, öz himni, öz adətləri, öz bayramları olacaq...

Bu gün Almaniya və İtaliya ona görə güclüdürlər ki, millət olaraq öz irqlərinin maraqları ilə nəfəs ala və onu sevə bilirlər”.

Qaragin Njde Hitlerin gənclərə xitabən dediyi şüarlardan birinin sözlərinin yerini dəyişərək, erməni gəncliyinin tərbiyəsi üçün faşizm modelini seçmişdi: “Gənclik, ürək və dəmir”. Njde, Mandalyan, Darbinyan və digər faşist ideoloqlarının ardıcılları olan erməni gəncləri öncə “irqçi vətənpərvərlər” adlandırılırdılar, sonra isə faşist cəlladları onlara “Seqakron” – “İrqçi inanclılar” adını verdilər...

Mövzu ilə birbaşa bağlı olmasa da, “Ayrenik Ukli”də 1935-ci il, martın 29-da dərc olunmuş bir məqalə diqqətimi çəkdi. Bu gün Azərbaycan torpaqlarının işğalı faktını heç bir əsas olmadan “dinlərarası qarşıdurma” müstəvisindən təqdim etməyə çalışan Ermənistan hakimiyyətinin ideoloji və mənəvi sələfləri həmin dövrdə yazırdılar: “Xristianlığı milli dinimiz kimi qəbul etməklə biz xalq olaraq daha çox itirmişik. Bizim xristianlığa minnətdar olmağımız üçün heç bir əsas yoxdur, əksinə xristianlığı ittiham etmək üçün çox şey var...

“Erməni məsələsi” xristianlığı qəbul etməklə ziyan çəkdi. Bu avantüra bizə nə xeyir, nə də rahatlıq gətirdi”.

Göründüyü kimi, özlərini “xristianlığı ilk qəbul edən xalq” kimi dünyaya sırımağa və bundan öz öz əsassız iddiaları, qanlı məqsədləri üçün yararlanmağa çalışan ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar Tanrıya və onun dinlərinə belə öz iyrənc məqsədlərini həyata keçirmək üçün gərəkli olan ideoloji vasitə kimi yanaşırlar.

Visiontv.az