Əlcəzairə türk sərmayələrini 10 milyard dolların üzərinə çatdıracağımıza inanıram - Əbdülməcid Tebbun
Əlcəzairə türk sərmayələrini 10 milyard dolların üzərinə çatdıracağımıza inanıram - Əbdülməcid Tebbun
17.05.2022 MEDİA Tərəfindən

"Əlcəzairə türk sərmayələrini 10 milyard dolların üzərinə çatdıracağımıza inanıram."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyədə rəsmi səfərdə olan Əlcəzair prezidenti Əbdülməcid Tebbun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. 

Prezident Ərdoğanın Əlcəzairə türk sərmayələrinin 5 milyard dollara çatdığına dair açıqlamalarını xatırladan Tebbun deyib:

"Cənab prezident, Əlcəzairdə türk sərmayələrinin həcmi 5 milyard dollara çatdı. İnanıram ki, yaxın gələcəkdə bu investisiya nisbətini 10 milyard dollar və daha çox artıracağıq."

İki ölkənin strateji sahələrdə iqtisadi ortaqlıq qurmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Tebbun, “Bu əlbəttə ki, mümkündür. Biz artıq burada səmimiyyətimizi ifadə etmişik, bir çox sahədə müqavilələr imzalamışıq" deyə qeyd edib.

Görüşdə Liviya və Fələstin məsələlərinin də müzakirə edildiyini bildirən Tebbun, Əlcəzair və Türkiyənin Fələstin mövzusunda tam bir razılıq içərisində olduqlarını vurğulayıb. 

İlahə Əliyeva