Əhməd Yasəvini anlamaq...
Əhməd Yasəvini anlamaq...
27.01.2021 Qənirə Paşayeva Tərəfindən

Qənirə Paşayevanın “Özümə yolçuluq” silsiləsindən.

Ramazan ayı başlayandan dədəmiz Əhməd Yasəvini yenidən oxuyuram və onun böyüklüyünün miqyasını, ondakı İslam anlayışının dərinliyini daha yaxşı idrak etməyə çalışıram. Və nə gizlədim, üzülürəm həm də. - Gənclərimizin nə üçün onu daha çox oxumadıqları üçün üzülürəm... Əhməd Yasəvini millətimizin hər bir gəncinin oxuması lazımdır. Dinimiz islamı öyrənmək istəyən bir çox gənclərin dədəmiz Əhməd Yasəvinin deyil, bəzi hallarda özlərinin maraqları və baxışları ətrafında dinimizi izah edən, din adından çıxış edən amma əsas məqsədi dindən öz məqsədləri üçün istifadə etmək olan və müsəlman dünyasında ayırışmayı, zidiyyət və gərginliyi, dözümsüzlüyü təlqin edən insanların kitablarını oxumalarıdır məni ən çox üzən. Dədəmiz Əhməd Yasəvinin İslamın sözün həqiqi anlamında bir sevgi dini olması, insanlara və hadisələrə xoşgörü ilə yanaşması, yaradılanı Yaradandan ötrü sevmə fəlsəfəsini, islamın öyrənməyə, oxumağa, inkişafa, sevgiyə, xoşgörüyə, ədalətə, dürüstlüyə səsləyən bir din olması barədə dəlillərlə yorumunu oxusalar, daha gözəl yetişərlər, deyə düşünürəm.

XIX yüzildə Türküstanı dolaşan macar professor Vamberi Armin səyahətnaməsində qeyd edir: “Hər keçdiyim türk obasında Əhməd Yasəvinin “Hikmət” və “Minacaat”ına rast gəldim. Türklər bu mənəvi irşadı coşğunluqla oxuyurlar. Hər obada Xoca Əhməd Yasəvinin şeirlərini vəcd ilə oxuyan qadın və kişilərə rast gəldim. Digər İslam ölkələrini də gəzdim, gördüm və tərəfsiz müqayisələr apardım. Anladım ki, İslam dininə cahanşümül idrak fəlsəfəsini verən türk alimləridir. Onlar bütün dünyaya mürşid olaraq yayılmışlar və İslam ölkələrində dəyərli şəxsiyyətlər yetişdirmişlər. Necə ki, ünlü türk səyyahı Övliya Çələbi də Əhməd Yasəvi ailəsinə mənsubdur.” Böyük alim Fuat Köprülü Əhməd Yasəvi haqqında “İlk türk İslam mütəsəvvüfüdür” deyir. Onun “Türk ədəbiyyatında ilk mütəsəvvüflər”kitabında bununla bağlı özəl qeyd var. Mütəfəkkir şairimiz Yəhya Kamal Bəyatlı isə onun haqqında “Milliyyətimizi borclu olduğumuz insandır”, deyir: “Əhməd Yasəvi kimdir? Bir araşdırın, görəcəksiniz. Bizim milliyətimizi əsl onda tapacaqsız.” Əhməd Yasəvini anladan
ən gözəl fikir də məncə budur. Onun haqqında bu qədər yüksək fikirlərin nəyə bağlı olduğunu bilmək üçün isə Əhməd Yasəvini və onun düşüncələrini bilmək gərəkdir. Türküstanda Əhməd Yasəvinin İslamı Türküstanda yayan böyük bir övliya olduğuna hər kəs tərəfindən inanılır.

Türklük içində milyonlarla insan var ki, “Pirlərin Piri” olaraq Əhməd Yasəvini bilir... Müəllimlərin müəllimi... Türk Dünyasında Əhməd Yasəvinin təsirləri çox dərindir. O qədər dərin bir təsirdir ki, bu, məzhəb və təriqət anlayışlarını əhatə edə biləcək bir gücdədir!.. Məhz bu səbəbdən də Türk Dünyasında məzhəb fərqləri səbəbindən gərginliklər yaranmır. Bəzi müsəlman ölkərində toplumlarda yaşanan məzhəblərarası aşırı gərginlik, ziddiyət, bir məzhəbin daha çoxluq olduğu zaman digər məzhəbin nümayəndələrinə basqısı kimi anlayışlar (əslində, anlayışsızlıqlar!) bizə dəhşətli və qorxuducu gəlir. Bəli, qorxuducu!.. Bu kimi gərginlik və zidiyyətin toplumumuza, gənclərimizə də sirayət edə biləcəyindən irəli gəlir bu qorxu. Çünki nadir hallarda olsa da, qıraq fitnələrin təsiri ilə bu acını yaşamışıq.

Biz türklər nə qədər ki, Əhməd Yasəvi yolu ilə İslamı və Peyğəmbərimizi tanıyırdıq, belə zidiyyət və gərinliklərdən uzaq idik. Ona görə də ondan heç zaman uzaqlaşmadan, Əhməd Yasəvini, onun İslam anlayışını öyrənməliyik. Qıraqdan bizə zorla, minbir oyunla gətirilən “ideoloji, siyasi və təhrif edilmiş din” anlayışlarına qarşı çıxış yolumuz yenə Əhməd Yasəvi olacaqdır. Əhməd Yasəvi yolu bir-birimizə sevgi aşılayan, bizi çağa və irəli insanlığa qovuşduracaq yoldur! Bu yol gerçək İslam Yoludur! Bu yol Həzrəti Peyğəmbərin yoludur! Bu yolda yürümək gərəkdir! Doğru yolda yürüsək Yolumuz da aydın, açıq və işıqlı olacaq!

Visiontv.az