EHİM komandası “Smart Qarabağ” Hakatonunun qalibi seçilib
EHİM komandası “Smart Qarabağ” Hakatonunun qalibi seçilib
02.06.2022 MEDİA Tərəfindən

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzini (EHİM) təmsil edən "Safe Karabakh" komandası “TEKNOFEST-Azərbaycan” çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonunun qalibi seçilib.

Visiontv.az xəbər verir ki, komanda tərəfindən yaradılan "Safe Karabakh" mobil tətbiqi vətəndaşlara bir neçə imkan yarada bilər. İlk növbədə vətəndaşların təhlükəli ərazilərə yaxınlaşdıqda bu barədə onlara və aidiyyətı qurumlara bildirişlər göndərilməsi, əlavə olaraq vətəndaşlara ailə üzvlərinin təhlükəsiz zonada olduqlarına əmin olmaq üçün onları izləmə imkanının yaradılması nəzərdə tutulur.

Digər bir funskionallıq ondan ibarətdir ki, vətəndaşların mobil tətbiqdən istifadə edərək getmək istədikləri yerə təhlükəsiz marşrutları əldə etməsi planlaşdırılır. Nəzərə alsaq ki, bəzən minadan təmizlənmiş ərazilərdə də partlamamış döyüş sursatları və mərmilər müşahidə oluna bilər, belə hal ilə rastlaşan vətəndaş bu barədə tətbiq vasitəsilə “SOS” siqnalı verə bilər.

Bununla da həmin yer avtomatik olaraq təhlükəli zona kimi qeyd edilir. Əlavə olaraq vətəndaş rastlaşdığı naməlum obyektin şəklini də çəkərək araşdırılması üçün müraciət formasında göndərə bilər.

Layihə çərçivəsində aidiyyatı qurumlara məxsus kabinetlərin yaradılması nəzərdə tutulur ki, bu kabinetlər vasitəsilə onlar öz fəaliyyətlərinə uyğun imkanlar əldə edə bilər. Minanın təmizlənməsi prosesinə cəlb olunmuş qurumlar təmizlənmiş əraziləri xəritədə qeyd edə bilməsi, eyni zamanda, vətəndaşlar tərəfindən göndərilmiş müraciətləri real vaxt rejimində qəbul etməsi nəzərdə tutulur. Həmçinin aidiyyatı qurumların sistem vasitəsilə təhlükəli zonalara nəzarət etməsi və bu ərazilərə daxil olmuş şəxslərin monitorinqini apara bilməsi mümkün ola bilər.