"Ədalət varsa, hər kəs üçün olmalıdır; heç kim istisna edilə bilməz, əks halda bu artıq ədalət olmaz" - Müsahibə
"Ədalət varsa, hər kəs üçün olmalıdır; heç kim istisna edilə bilməz, əks halda bu artıq ədalət olmaz" - Müsahibə
05.12.2022 MEDİA Tərəfindən

Müasir sivilizasiya inkişaf etdikcə ilk növbədə xüsusilə diqqət göstərilən mövzulardan biri də insan hüquq və azadlıqlarının müdafiəsidir. Çünki, ilk növbədə mədəniyyətlərin, elm və texnologiyanın tərəqqisi fövqündə insan dayandığı üçün, məhz onun təhlükəsizliyi, azadlığı və ədalətli şəkildə hüquqlarının qorunması ən mühüm məsələlərdən biridir. Bu mənada hüquqşünasların, vəkillərin və bu kateqoriyadan olan peşə adamlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Elə bu mövzu ətrafında növbəti müsahibimiz, vəkil Əfifə Əsgərova ilə danışdıq.

Lütfən oxucularımıza özünüz, təhsiliniz və ümumi fəaliyyətiniz barədə məlumat verin!

Bakı şəhərində doğulmuşam. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diploma ilə bitirmişəm. Təxminən səkkiz il məhkəmə iclas katibi vəzifəsində çalışmaqla həmin dövrdə yerli icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşam. 2018-ci ildən bank sektorunda çalışıram. Artıq 4 ildir ki Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm, kollegiya sədrimiz cənab Anar Bağırov tərəfindən “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşam. Hazırda həmçinin mediasiya Şurasının üzvü olmaqla 2 saylı Mediasiya Təşklatının mediatoru kimi fəaliyyət göstərirəm. Həmçinin də Türkiyə Cumhuriyyətinin “Uludağ Universitetinin” hüquq fakultəsində təhsil alıram.

Rəsmi iş fəaliyyətimdən tamamilə ayrı maraq və xobbi dairəm var. Hazırda teatr və səhnə danışığı dərsləri alıram, yazıram, rəssamlıqla məşğul oluram, bütün dünya üzrə heyvan haqları ilə çox əlaqəliyəm... Evimdə dörd pişiyim var (gülür) və bacardıqca çox səyahət etməyə çalışıram.

Azərbaycanda müstəntiqlərin fəaliyyətindən razısınızmı?

Bu məsələni, həmçinin bütün sektorlarla bağlı məsələləri ümumiləşdirib mənfi fikir bildirmək istəməzdim. Buna ölkəmizdə olan fəaliyyət olaraq baxmadan deyə bilərəm ki,hər sahədə işini, fəaliyyətini çox vicdanla,qərəzsiz və qanuna uyğun şəkildə həyata keçirən əməkdaşlarla yanaşı nöqsanlara yol verənlər də var.

Bir çox hallarda vətəndaşlar müstəntiqlərin işi qərəzli aparmasından şikayətlənir. Bir vəkil kimi belə halların səbəbini nədə görürsünüz?

Düşünürəm ki, ümumiyyətlə hüquqşünas olmayan şəxslər də qanunlar, məcəllələr, müvafiq çıxışlar, elanlar, öyrədici internet məlumatları kimi müxtəlif vasitələrlə öz hüquqları barədə məlumatlansalar yaxşı olardı. Bu barədə bir çox həmkarlarımızın, eləcə də mənim də sosial şəbəkələrdə profillərimiz mövcuddur. “Hüquq xətti” adlı youtube kanalımızda və Instagram səhifəsində bizə ünvalanan bir çox sualları mən və hüquqşünas həmkarım imkan daxilində cavablamağa çalışırıq.

Sualınızla bağlı deyə bilərəm ki, bəzi hallarda işin ibtidai və s. araşdırmalarını qanunsuz hesab etdiyim olur. Məhkəmə araşdırması ilə nəticələnən neçə işlər var ki təqsirləndirilən şəxslər barəsində məhkəmə tərəfindən bəraət hökmləri çıxarılıb, üst məhkəmə instansiyalarında da şəxsin təqsirsizliyinə əsaslanan bəraət hökmləri əsaslı hesab edilib, dəyişdirilmədən saxlanılıb. Həmçinin də müvafiq şikayətin və hadisənin istintaqda araşdırılarkən işə həmin mərhələdə xitam verildiyi də olmuşdur. Lakin, hər istənilən orqanın və ya vəzifəli şəxsin qərarı hər zaman vətəndaşın, tərəfin leyhinə ola bilməz. İşin, hadisənin doğru araşdırılmadığı hallar olduğu kimi qanun hər bir tərəfə,vətəndaşa şikayət imkanları da verir.

Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifəsidir. Tərəf müdafiə hüququndan tam istifadə etməlidir, əsassız və qərəzli hesab etdiyi hərəkət və qərarlardan isə özü və ya vəkilinin vasitəsilə aidiyyəti üzrə şikayətlər vermək hüququ vardır. Sualda səslənən fikir barədə qeyd etdiyimi ümumiləşdirərək deyə bilərəm ki,işi uzatmaq və qarşı tərəfə, vəzifəli şəxsə olan qərəz hallarına yol verməmək şərti ilə hər kəs öz hüquqlarını bilsə və ya müdafiə hüququndan istifadə edərsə, imzasının təstiq anlamına gəldiyinin fərqinə vararsa belə suallar aradan qalxar. Çünki gec və ya tez baxılmasından asılı olmayaraq bütün fikir və müraciətlər cavablandırılır.

Fikrinizcə vəkillərin yaxud müstəntiqlərin səlahiyyəti artırılmalıdır?

Fikrimcə mövcud səlahiyyətlərdən kifayət qədər istifadə edilərsə keyfiyyətli və yaxşı araşdırılmış iş ərsəyə gələcəkdir. Qanuna nəzər yetirsək görərik ki həm vəkilin, həm də müstəntiqin işin araşdırılmasında və çəkişmədə iştirakı üçün kifayət səlahiyyətləri vardır. Bu səlahiyyətlərin həyata keçirilməsinin çətinləşdirilməsi və ya əsassız məhdudlaşdırılması isə yolverilməzdir.

Vəkillik məsuliyyətli peşədir, yoxsa müstəntiq olmaq?

Vətəndaşın taleyi ilə bağlı prossesual hərəkətlər və çıxışlar etmək, qərarlar vermək səlahiyyəti olan bütün peşələr məsuliyyətlidir.

Vətəndaş və vəkilin işgüzar münasibətləri zamanı bəzən elə məqamlar olur ki, vəkil əvvəlcədən pulu vətəndaşdan alır, daha sonra işə məsuliyyətsiz yanaşır. Ya proseslərdə iştirak etmir, yaxud telefonlara cavab vermir. Nəticədə bu situasiya vətəndaşın haqlı narazılığına səbəb olur. Bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlara tövsiyələriniz nələrdir?

Tərəflə vəkil arasında bağlanan müvafiq müqavilədə vəkilin tərəfə göstərəcəyi hüquqi xidmətin çərçivəsi və bu xidmət üçün vəkilə ödənilən məbləğ hər iki tərəfdən imzalanmaqla sərbəst şəkildə razılaşdırılır. Heç bir xidmətin konkret qiyməti yoxdur, bunu tərəflər öz aralarında olan razılaşma yolu ilə müəyyən edirlər. Bu müqavilə vəkilin tərəfdən ödəniş tələbinin, tərəfin isə vəkildən öhdəsinə götürdüyü xidməti yerinə yetirməsinin tələbinin əsasıdır.Belə məsələlər barədə vətəndaşlar tərəfindən Vəkillər Kollegiyasının İntizam Komissiyasına əsaslı və əsassız şikayətlər daxil olmaqla komissiya müvafiq araşdırma aparır və qərar qəbul edir. Təbii ki həm vətəndaşın etibarından və həm də vəkildən şikayət etmə hüququndan sui-istifadəyə yol verilməməlidir.

Hərdən eşidirik ki, bəzi vəkillər vətəndaşlara məhkəmədə tam qələbə qazanılacağı ilə bağlı 100 faiz zəmanət verir. Bir vəkil kimi bu məsələyə münasibətiniz necədir?

Tərəf biz vəkillərə müraciət edərkən bəzi kateqoriya işlər üzrə qələbənin kimdə olacağı bəzən aşkar görünür. Lakin, məhkəmə və istintaq orqanlarının araşdırması zamanı başqa fakt və halların ortaya çıxma ehtimalını nəzərə alaraq bu zəmanəti verməməyi üstün tuturam. Təbii ki, bu öz işinə inamsızlıqdan irəli gəlmir, hər bir vəkil tərəf olduğu işin qələbə ilə nəticələnməsində ən azı prinsipial olaraq maraqlıdır.

Ölkəmizdə müəllif hüquqları hansı səviyyədə qorunur?

Elə bir hüquq pozuntusu yoxdur Azərbaycan Respublikası qanunvericiliyində həmin hüququn müdafiəsi və bərpası üçün norma olmasın.Yuxarıda qeyd etdiyim “öz hüququnu bilmək” məsələsini bu suala da aid edirəm. Müəlliflik, patent və s. ölkəmizdə çox aktual olmayan mübahisələr üzrə hüquqların pozulması ilə bağlı da bir çox məhkəmə qərarları çıxarılmış, iddia və həmçinin bu pozuntu nəticəsində tərəfin əlindən çıxmış fayda, dəymiş zərərlə bağlı tələblər də təmin olunmuşdur.

Təbiidir ki, hər bir peşədə müxtəlif səbəblərdən çatışmazlıqlar mövcud ola bilir. Sizin peşənizlə bağlı bir vəkil olaraq narazı olduğunuz məqamlar varmı varsa bunlar nələrdir? Vəkillik fəaliyyətilə bağlı qanunvericiliyimizdə hansı boşluqlar var? Təklifləriniz nələrdir?

İlk öncə hələ tam formalaşmamış yanaşma ilə bağlı danışmaq istərdim. Vəkil ali təhsilli hüquqşünas və Vəkillər Kollegiyasının üzvü olmaq üçün müəyyən tələblərə cavab verən, test və müsahibədən keçmiş, kifayət qədər təcrübəsi olan, təhsil və iş illərini hüquq sahəsinə sərf etmiş şəxsdir. Bütün xarici ölkələrdə, həmçinin qonşu ölkələrdə hüquqi məsləhət tələb edən tərəf əvvəlcədən hüquqi məsləhət almaq üçün gün alır və ya vəkilin ofisinə yaxınlaşaraq müvafiq ödənişi etməklə suallarını ünvanlayır, hüquqi məsləhət alır. Digər peşələrdə çalışan şəxslər-həkimlər,mühasiblər və s. ilə məsləhətə ödənilən xidmət haqqına öyrəşmiş olsaq da əsas gəlir yeri beyni, düşüncəsi,hüquqi strategiya və taktikaları olan vəkilə dəqiqələrlə səsli mesaj və ya telefon zəngləri edərək hüquqi xidmət tələb etmələri vəkilin zehnini yorur,vaxtını alır, əvəzində isə ona məsuliyyət yükləyir. Halbuki, vaxt vəkil üçün çox qiymətlidir, sənədlərlə tanış olmaq kifayət qədər zehin yorur, verilən məsləhət isə vəkilin imzası olmaqla işin taleyini həll edə bilər.

Vəkillik fəaliyyəti ilə son illərdə gözlə görünən dərəcədə inkişaf və şaxələnmə var. Son illərdə rayonlar üzrə də vəkil bürolarının sayı artmış, bu sahədə beynəlxalq əlaqələr və praktika mübadilələri genişləndirilmişdir.Bununla da hüquqi yardım almaq imkanı daha əlçatan olmuşdur.

Qanunla hüquqi yardım göstərdiyi şəxsləri aldadan vəkilləri hansı cəzalar gözləyir? Vəkillik statusu hansı hallarda ləğv edilə bilər?

Vəkillər və Vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununa qeyd edilir ki, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir, intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır.İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma,töhmət,üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehləri tətbiq edilə bilər.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə isə intizam icraatına xitam verilir.

Vəkilin fəaliyyətinə isə aşağıdakı hallarda xitam verilə bilər:

1.öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;

2.barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

3.fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;

4.vəfat etdikdə;

5.məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

6.Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə;

7.bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

8.üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir.

İstərdim ki, hakim və vəkilin işgüzar münasibətləri barədədə də danışasınız! Bu yöndə ölkəmizdə vəkil-hakim münasibətləri necədir? Qanun bu barədə necə qəbul olunub?

Yenilikçiliyinə,humanist yanaşmasına, hakim etikasına, qərarlarında məhkəmə praktikasına yeni yön verən bəzi hakimlər var ki, qələbəmiz ilə nəticələnib-nəticələnməməsindən asılı olmayaraq qəbul etdikləri qərarlar əsaslı və öyrədicidir. Əsaslı qərarlarla yanaşı əsassız çıxarılmış qərarlar olub.Belə qərarlardan yuxarı instansiyaya verilən şikayətlər əksər hallarda tam və ya qismən təmin olumaqdadır. Vəkillər Kollegyasının üzvləri və hakimlər arasında yenilənən məhkəmə praktikası, ölkə başçısının islahatları, elektronlaşma və mövcud məslələrlə bağlı fikir,təklif mübadiləsi ilə əlaqədar məlumat xarakterli bir çox görüşlər keçirilir, söhbətlər aparılır.

Adətən məhkəmələrdə vətəndaş şikayətlərinin müəyyən hissəsi hakim ədalətsizliyidir. Fəaliyyətiniz dövründə ədalətsiz hakimlərlə qarşılaşmısınızmı?

Olub..Ədalətli qərarlar da kifayət qədər çox olub. Qanunsuz olduğuna əmin olduğumuz hər bir qərardan müxtəlif şikayət imkanlarımız qanunvericilikdə nəzərdə tutulmuşdur.

Artıq 4 ildən çoxdur ki, peşəkar vəkil kimi fəaliyyətdəsiniz. Gənc vəkillərə nələri tövsiyyə edərdiniz?

Hər bir sahənin inkişafı üçün o sahənin bütün əməkdaşlarının bir-birinin dəstəyinə, əməyinin yaxşı mənada təbliğinə ehtiyacı var. Vəzifəmizin icrası zamanı yol verdiyimiz səhvlər də, uğurlarımız da çoxaldıqca cəmiyyətdə bütün vəkillərə aid edilir. Cəmiyyətin yaxşı tərəfi ilə seçilən kəsimi olaraq qalmağı və daha da inkişaf etməyi arzu edirəm özümüzə. Hər zaman bir-birimizdən öyrənəcəklərimiz var və olacaq. Peşəmiz eqonu qəbul etmir.Bütün həmkarlarıma uğurlar arzu edirəm.

Müsahibəmizin sonuna yaxınlaşırıq. Maraqlı müsahibə üçün sizə minnətdarlığımı bildirirəm və bundan sonrakı fəaliyyətinizdə sizə uğurlar arzu edirəm.

Təşəkkür edirəm. Mənə də xoş oldu.

 Bünyamin Bünyadzadə
 
 Visiontv.az