Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından audio mesajında fəallara işgəncə verildiyini bildirib
22.06.2024

Tehranın Evin həbsxanasında məhbus olan milli fəal Əbdüləziz Əzimi Qədim həbsxanadan göndərdiyi audio-müraciətdə dindirilmə zamanı fəallara işgəncə verildiyi barədə məlumat verib.

Araz News Telegram kanalında yayımlanan audio-faylda siyasi fəal Əbdüləziz Əzimi Qədim Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin və məhkəmə orqanlarının həbsdə olan siyasi fəallarla davranışı barədə məlumat paylaşıb.

Fəalın sözlərinə görə, təhlükəsizlik qüvvələri həbs olunan fəallara dindirilmə zamanı etiraf almaq üçün işgəncə verib. O, dindirilmə zamanı işgəncə vermək üçün işgəncə alətlərindən də istifadə olunduğunu bildirib.

Milli fəal məhkəmə orqanlarının türk məhbuslarla davranışına toxunaraq, işin müstəntiqi iş ilə bağlı həbs edilən sadə insanlara yalan söyləyib, dərhal azadlığa buraxılmaq vədləri ilə psixi yəzyiq göstərərək, əsassız etiraflar aldığını deyib.

Əzimi Qədim təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının məhbuslardan əsassız etiraflar almaq üçün davranışlarını açıqlayıb, digər milli fəalları qorxutmaq məqsədilə Evin həbsxanasında saxlanılan fəallara qarşı əvvəlkindən fərqli hökm çıxarılmasının mümkünlüyünü irəli sürüb və narahatlığını bildirib.

Güneyli siyasi məhbus mesajının başqa bir hissəsində həbsxanada özü də daxil olmaqla, 4 siyasi fəalın aclıq aksiyası keçirdiyini bildirib və deyib ki, “son çarə olaraq, İranın təhlükəsizlik və məhkəmə qüvvələrinin qanunsuz davranışlarına qarşı aclıq aksiyası ilə etiraz edirik”.

O, həmçinin Təbriz Mərkəzi Həbsxanasında məhbus olan digər siyasi məhbusların Evin həbsxanasındakı aclıq edənlərə dəstək verdikləri üçün təşəkkür edib. Təbriz həbsxanasındakı üç siyasi məhbus Evin həbsxanasındakı məhbuslara dəstək məqsədilə aclıq aksiyası keçirəcəklərini açıqlamışdılar.

Siyasi fəal və keçmiş din xadimi olan Əbdüləziz Əzimi Qədim həmçinin azadlıq və demokratiya tələb edənlər arasında birliyin möhkəmləşdirilməsinin vacibliyini vurğulayıb.

O, İranda etnik azlıqların problemlərinə və məruz qaldığı ayrı-seçkiliklərə diqqət çəkib və bildirib ki, İranda etnik azlıqlarla bağlı problemlər qabaqcıl və mütərəqqi ölkələrdə olduğu kimi həll oluna bilər, lakin buna nail olmaq üçün “mərkəziyyətçi və şovinist siyasət və ideyaları” ölkədə zəiflətmək lazımdır.

“Biz hələ də inanırıq ki, əgər qeyri-fars etniklər və farsdilli qardaşlarımız İran çərçivəsində problemləri həll etmək istəsələr, bunu etməyə qadirik” - deyə, siyasi məhbus bəyan edib.

Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan fəallardan üçü - Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri iyunun 13-dən aclıq aksiyasına başlayıblar. Digər məhbus Ayaz Seyfxah isə iyunun 15-də aclıq aksiyasına başlayıb. Bununla hazırda aclıq edən azərbaycanlı fəalların sayı 4-ə çatıb və onların vəziyyətində dəyişiklik olmadığı təqdirdə bu aksiyaya qoşulan məhbusların sayının artacağı güman edilir.

visiontv.az