Dünyanı idarə edəcəyi iddia olunan transmilli korporasiyalar yeni fikir deyil
Dünyanı idarə edəcəyi iddia olunan transmilli korporasiyalar yeni fikir deyil
03.11.2021 Kənan Rövşənoğlu Tərəfindən

Əslində bu gün haqqında çox danışılan və gələcəkdə dövlətlərin yerini alaraq dünyanı idarə edəcəyi iddia olunan transmilli korporasiyalar yeni fikir deyil. Hələ 400 il əvvəl 17-ci əsrdə hollandlar və ingilislər bu təcrübədən istifadə ediblər.

Hollandiyanın Şərqi Hindistan Şirkəti və Böyük Britaniyanın Şərqi Hind Kompaniyası uzun bir dövr ərzində Cənub-Şərqi Asiyanı idarə edib. Bu kompaniyaların orduları, gəmi donanmaları, şəhərləri, bankları, istehsal müəssisələri, böyük əraziləri olub. Onlar ölkələri idarə edib, müharibə aparıb, sülh bağlayıb, vergi təyin ediblər.

Və bu kompaniyaların hakimiyyət dövrü nəzarətləri altında olan xalqlar üçün çox acı nəticələr doğurub. Minlərlə insan ölüb, sürgün edilib, əsir alınaraq məcburi əməyə cəlb olunublar. Başqa sözlə hətta o zamanın dövlətləri ilə müqayisədə daha amansız olublar.
Bu gün də nə qədər bərbəzəkli, cah-cəlallı görünsə də, transmilli korporasiyalarda insan haqqı və hüquqları yetərli qorunmur.

Qərarları ən təpədə oturan və heç bir nəzarət mexanizmi olmayan kiçik bir qrup verir. Çox zaman da onlar heç kimə məlum olmur.

Bu mənada düşünürəm ki, hər nə qədər neqativləri olsa da,  dövlətlər transmilli korporasiyalarla müqayisədə daha mütərəqqi və cəmiyyətin daha böyük təbəqəsinin iştirakçılıq hüququna sahib olduğu və bunun üçün bəşər tarixinin uzun yol qət elədiyi institutlardır.

Kənan Rövşənoğlu

Visiontv.az