Dünyada olduqca çox sayda insan “omikron” ştamına yoluxacaq
18.01.2022

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan dünyanın bir sıra ölkəsində hökumətlərin koronavirus pandemiyasının endemiya fazasına keçid prosesinə hazırlaşmalarını alqışlayıb.

Visiontv.az xəbər verir ki,  ekspert yaxın müddətdə dünyada olduqca çox sayda insanın “omikron” ştamına yoluxacağının gözlənildiyini və digər variantlarla çarpaz immunlaşmanın baş verəcəyini bildirib. Onun sözlərinə görə, prosesin bu məcrada inkişafı ümidvericidir, çünki 2022-ci ildə milyonlarla insan daha yaxşı immun müdafiəsinə malik olacaqlar: “Bu immunlaşma həm peyvəndlər sayəsində, həm də, təəssüf ki, infeksiyaya yoluxma nəticəsində baş verəcək”.

Aparıcı ekspert “omikron“ dalğasının pandemiyanın endemiya fazasına keçid olmasına səbəb olacağının hələ bəlli olduğunu bildirib: “Biz növbəti variantın nə zaman və harada meydana çıxacağını və onun “omikron” və “delta” ştamları ilə interaksiyasının necə olacağını bilmirik”.

Digər tərəfdən isə pandemiya dünyanın əksər hissəsini ağuşuna aldığı bir dövrdə heç bir ölkə koronavirusun endemiya mərhələsinə keçə bilməyəcək. Bunun üçün əsas hədəf bütün dünyada peyvəndləmə səviyyəsinin bu ilin ortalarına qədər əhalinin 70 faizinə çatdırmaq olmalıdır.