Dünyada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb
25.07.2020

Dünyada koronavirusa yoluxma hallarının sayı son gün ərzində 284 mindən çox artıb.

Visiontv.az RİA “Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, son 24 saatda dünyada koronavirusa rekord sayda - 284 196 yeni yoluxma qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından maksimal rəqəmdir.

Bununla da dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 15 296 926-ya çatıb. Virusa yoluxma hallarının ən çox aşkar edilmiş sayı Şimali və Cənubi Amerikada qeydə alınıb - 8,1 milyon. Bununla yanaşı, Avropada da COVID-19-a xeyli sayda (3,1 milyon) yoluxma aşkarlanıb.

Məlumata görə, dünyada azı 628 903 pasiyent virusdan ölüb. Son sutkada daha 9 753 nəfər pandemiyanın qurbanı olub.