Dünya okeanının rəngi dəyişəcək
07.02.2019

Dünya okeanının rəngi dəyişəcək

XXI əsrin sonunadək dünya okeanı akvatoriyasının təxminən yarısı iqlimin qlobal istiləşməsi nəticəsində rəngini dəyişəcək.

VIsiontv.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatda bildirilir.

"Nature" elmi jurnalında dərc edilən məruzədə okean sularının rənginin onun tərkibindəki fitoplanktonun qatılığından asılı olduğu deyilir. Qlobal istiləşmə fotosintez prosesini həyata keçirən yosunların çoxalması üçün zəruri olan okean axınına, temperaturuna və qidalı maddələrin saxlanmasına öz təsirini göstərir.

Okeanın son 25 il ərzində peykdən çəkilən şəkillərini öyrənən alimlər müəyyən ediblər ki, qütb buzlarının sürətlə əriməsi ekvator bölgəsində, Bermud və Baham adalarında suyun temperaturunun aşağı düşməsinə və orada fitoplanktonun qatılığına gətirib çıxarıb. Nəticədə suyun rəngi parlaq mavi olub.

Eyni zamanda, Sakit və Atlantik okeanlarının cənub hissələrində mühitin istiləşməsi ilə əlaqədar fitoplankton çoxalıb, bu rayonların suyu isə daha parlaq yaşıl çalar alıb.