Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Zəfərimizi daha da inamlı etdi
Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Zəfərimizi daha da inamlı etdi
28.12.2021 Əkbər Qoşalı Tərəfindən

“Ötən yüzilliyin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-İran sərhədi boyunca yaşanan tarixi hadisələr tarixin yaddaşında iz qoyub. Hər iki taydakı azərbaycanlılar öz doğmalarına qovuşmaq eşqi, həsrəti ilə tikanlı məftil, divar, maneə, güllə... tanımaz olmuşdu... 1989-cu ilin noyabrında xalqın iradəsi rəsmi dairələrdə öz təsdiqini tapma yoluna girdi. Quzey və Güney Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq bağlarını bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında Naxçıvan Ali Məclisində ilk qərar qəbul edildi.”

Visiontv.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini Əkbər Qoşalı deyib.

Sədr müavini qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü öz konkret və rəsmi başlanğıcını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı kimi qeyd olunması barədə qərarından götürür.

“Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə, o vaxtkı adı ilə Ali Sovetə müraciət edib. 25 dekabr 1991-ci ildə Ali Sovetin Milli Şurası müraciəti dəyərləndirərək, hər il dekabrın 31-nin respublikamızda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qanun qəbul edib. O gündən başlayaraq respublikamızın vətəndaşları ilə yanaşı, dünyanın dörd yanında yaşayan soydaşlarımız, həmvətənlərimiz bu günü bayram edir. Artıq 20 ilə yaxındır ki, xaricdə yaşayan azərbaycanlılarla iş uyğun dövlət siyasəti və ayrıca komitənin fəaliyyəti ilə tənzimlənir. Belə ki, Azərbaycan Prezidentinin 05 iyun 2002-ci il tarixli “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” adlı Fərmanı ilə bu sahədə iş yeni məzmun və status qazanmış oldu. Həmin Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna önəm daşıyan tarixi sənəd oldu. Dövlət Komitəsinin yaradılması bu sahədə olan durumun yaxından öyrənilməsi, problemlərin aradan qaldırılması, tendensiyaların, qanunauyğunluqların dəqiqləşdirilməsi, təşəbbüslərin, təkliflərin qiymətləndirilməsi yönündə önəmli addımlar atmağa imkan verdi.

Azərbaycan Prezidentinin 19 noyabr 2008-ci il tarixli, 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yaradılan Diasporla İş üzrə Dövlət Komitəsi diasporumuzun çalışmalarını milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə yönəlib. Ümumən dünya azərbaycanlıları ilə iş xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin tərkib hissəsidir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz həmrəylik gününü təsis etməklə, sonra Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə Sərəncam verməklə, diaspor fəallarını mükafatlandırmaqla, xarici səfərlərdə diaspor fəalları ilə görüşüməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə dair örnəklər yaradıb. Həmrəylik gününün bayram edilməsi dünya azərbaycanlıları üçün artıq bir mənəvi ehtiyaca çevrilib. Bu anlamlı bayram dünyanın 70-dən çox ölkəsində, o cümlədən bir neçə ölkədə öz dədə-baba torpaqlarında yaşayan 50 milyondan çox soydaşımızla əlaqələr qurmaq, humanist əməkdaşlıq etmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində önəmli rol oynayır. Bu əziz günü milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də ürəklə qeyd edir.

Azərbaycanda dövlət diaspor siyasətində bir önəmli istiqamət isə “Bir millət, iki dövlət” şüarı ilə fəaliyyət göstərən diaspor təşkilatlanması fəlsəfəsinə uyğun siyasətdir. 09 mart 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün türksoylu xalqların həyatında önəmli hadisəyə çevrildi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təcallası olaraq tarixə düşdü.

Nəhayət, Dünya azərbaycanlılarının həmrəyliyi, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi daha da inamlı etdi. Müqəddəs amallı Vətən Müharibəsində xaricdə yaşayan soydaşlarımızın düşmənin, eləcə də, anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu”, deyə Əkbər Qoşalı bildirib.