Dublyonka, Moskva milisi, Qasım Qasımzadə, üç günün dostu və ... «Oн меня с кем-то путает»
Dublyonka, Moskva milisi, Qasım Qasımzadə, üç günün dostu və ... «Oн меня с кем-то путает»
13.08.2022 MEDİA Tərəfindən

Əhvalatın dəqiq tarixi yadımda deyil, təxminən ötən əsr 80-ci illərinin əvvəlləri olar.

Qasım Qasımzadə Moskvaya ezamiyyətə hazırlaşır, sənədlərini, kağız-küğuzlarını çantasına yığır, bir yandan da anam Tamara Ələkbərqızı ona möhkəm-möhkəm tapşırır ki, Moskvadan gəlinimizə dublyonka almağı unutmasın. Təxmini qiymətini də deyir bilsin, alanda onu aldatmasınlar. Bakıda o zaman dəbdə olan belə dublyonkanı qeyri-qanuni ticarətlə məşğul olan alverçilərdən almaq olurdu ki, bu da çox baha başa gəlirdi. Qasım müəllim söz verir unutmaz, çalışar Moskvanın iri dükanlarının birindən alıb gətirsin.

Moskvaya yola düşür. Aeroportdan birbaşa yollanır paytaxt mərkəzində yerləşən məşhur “Moskva” mehmanxanasına. Hər zamankı səfərlərində olduğu kimi, bu dəfə də SSRİ Yazıçılar İttifaqında katibə işləyən Valentina Trofimovnanın telefon zəngilə ona ayrılan otaqda yerləşir. Mehmanxana otağında rahatlanıb istirahət edəndən sonra axşamtərəfi enir restorana ki, bir az yemək yesin, sonra da baxsın nə edir.

Restoranda əyləşdiyi masaya ahıl bir kişi yaxınlaşır, şairdən nəzakətlə icazə istəyib stulların birində əyləşir. Ofisiant hər ikisindən sifarişləri qəbul edib gedincə həmin kişi Qasım müəllimi söhbətə tutur. Aralarında tanışlıq başlayır, bir-birinin kimliyini soruşurlar. Şairin yasca böyük olan yeni tanışı özünü belə təqdim edir ki, təqaüdə çıxmış hərbçidir, övladları hökumətdə vəzifələrdədir, özünün də hər yerdə yaxşı əlaqələri var və s. Həmsöhbətinin kimliyini biləndə də ədəbiyyatdan söz salır. Maraqlı ədəbiyyat söhbəti təzəcə qızışır ki, adam sözü gətirib çıxarır Mirzə İbrahimovun yaradıcılığına, Azərbaycan ədibinin əsərlərinə dair təhlillərə. Milliyyətcə rus olan, Qasım müəllimin keçmiş hərbçi saydığı şəxsin milli ədəbiyyatımıza aid bilgisi Azərbaycan şairində heyrət doğurur, müsahibinə isti münasibət yaradır. Xülasə, bir saatlıq-filan tanışlıq çevrilir olur əməlli-başlı dostluq ki, bu da qarşılıqlı sağlıqlarla elə həmin restorandaca möhkəmlənir. Qasım müəllim ürəyiaçıqlıqla ona ezamiyyət planlarından danışır, dublyonka almaq tapşırığı barədə də söz salır.

Keçmiş hərbçi isə, dediyinə görə, Moskvaya bəzi işlərinin dalınca gəlibmiş. Şairə “ты не беспокойся, у меня хорошие связи в ГУМ (Möskvanın mərkəzində, Kremldən bir az aralı yerləşən məşhur Dövlət Universal Mağazası – N.Q.), как-нибудь сходим туда и купим что надо” deyir. Kefləri kök ayrılırlar, vədələşirlər Moskvada olduqları müddətcə axşamlar bir yerdə şam etsinlər.

Ertəsi gün axşam yenə də həmin restoran, həmin masa... Bu dəfə keçmiş hərbçi bir az da dərin təəssürat buraxır Qasım müəllimdə. Sovet ədəbiyyatının problemləri bir yana, Azərbaycan ədəbiyyatına aid başqa nümunələrdən də peşəkarcasına danışır. Yenə şirin-şirin söhbətləşirlər, görüşmək ümidi ilə ayrılırlar.

Ertəsi gün görüşəndə o iki günün təzə dostu Qasım müəllimə köynək bağışlayır. Bu jesti ilə Qasım müəllimin ürəyini almasın da neyləsin? Yeyib-içəndən sonra şair təbii ki, bu dəfə həmsöhbətini qətiyyən qoymur əlini cibinə salsın, şam yeməyinin hesabını ofisianta hər ikisinin yerinə özü verir. Razılaşırlar sabah günorta mehmanxananın dəhlizində görüşüb getsinlər QUM-a və dublyonka məsələsini yerindəcə həll etsinlər.

Səhəri gün görüşürlər, yollanırlar QUM-a. Xeyli girişi-çıxışı olan bu iri “supermarket”in içində bir az dolaşandan sonra “dostu” şairə deyir, dublyonkanın pulunu ver, girim administratorun kabinetinə, məsələni həll edib gəlirəm. Qasım müəllim dublyonkanın o zamankı qiyməti dəyərində 250 rublu ona uzadır. “Dostu” qarşılarındakı qapını açıb içəri keçir, dalınca da qapını örtür.

Şair gözləyir, gözləyir, gözləyir... Bir də baxır deyəsən çox keçdi, adam qayıtmır ki, qayıtmır. Hövləsələsi daralır, yaxınlaşıb qapını itələyir. Və görür... qapı birbaşa küçəyə açılırmış, yəni çıxış qapısı imiş... “Dost”unun xəyanətini anlayıb bərk pərt olur.

Gedib başına gələnləri Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə müşavir işləyən Azər Mustafazadəyə nəql edir.

Sonra da Moskva milisinə, yəni polisinə üz tutur. Şairi ehtiramla qəbul edən müstəntiq ondan fırıldaqçının xarici görünüşcə hansı əlamətləri olduğunu soruşur. Şairi diqqətlə dinləyən müstəntiq ona bir foto göstərir, fotonun həmin şəxsə aid olub-olmadığı ilə maraqlanır. Qasım müəllim “dost”unu dərhal tanıyır. Milis əməkdaşı təəccüblə: “Неужели это он, трудно верится, что мошенник такого всесоюзного масштаба мог идти на такую мелочь. Вы, уважаемый писатель, представляете, кто Вас обхитрил?” – deyir. Ardınca da şairə onun irimiqyaslı fırıldaqlarından bir epizod danışır.

Çoxdan bəri axtarışda olan həmin şəxsin törətdiyi cinayətlərdən biri dövlət səviyyəsində həyata keçirdiyi bir əməliyyatla bağlı imiş.

Deməli, bu həqiqətən istedadlı adam haradansa hökumət telefonlarından biri ilə SSRİ-nin iri vilayətlərindən birinin partiya komitəsilə əlaqə yaradaraq özünü Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul əməkdaşı qismində təqdim edəndən sonra “dövlət səviyyəsində” vilayət rəhbərinə tapşırıq verir ki, filan tarixdə vilayət komitəsinin plenumunu təşkil etsin. Həmin tarixdən bir neçə gün əvvəl də yollanır vilayətin paytaxtına, orada bəzi təsərrüfat rəhbərlərilə görüşlər keçirib onlara yüksək vəzifələr vəd edir. Plenumda vilayətin partiya-təsərrüfat işlərində buraxdığı nöqsanlardan, partiyanın zəhmətkeşlərin rifahı naminə tapşırıqlarından, yerli rəhbərliyin yarıtmaz fəaliyyətindən alovlu bir nitq söyləyir. Onun natiqliq qabiliyyəti öz işini görür, çıxışı sürəkli alqışlarla qarşılanır. Plenumdan sonra da büronun iclasını keçirir. İclasda kimlərisə vəsifəsindən çıxardaraq sövdələşdikləri şəxsləri onların yerlərinə təyin edir. Və, əlbəttə, qısa müddətdə yığdığı külli miqdarda rüşvətlə dolu çemodanını götürüb yola düşür. Onu hörmət-izzətlə yola salırlar. Bir neçə gündən sonra vilayət partiya komitəsinin məsul əməkdaşı MK-nın təşkilat şöbəsi ilə əlaqə yaradıb bildirir ki, plenumun nəticələrinə dair yazılı hesabat hazırdır. Şöbədən maraqlanırlar ki, nə plenum, nə hesabat?! Hal-qəziyyə bütün ayrıntıları ilə aydın olanda dəhşətə gəlirlər ki, bir nəfər fırıldaqçı bu boyda sovet hökumətini necə aldada bilibmiş...

Moskvalı müstəntiq Qasım müəllimə anladır ki, bu fırıldaqçının tez bir zamanda ələ keçməyi çətin olar. Hər halda bir yenilik olarsa şairə məlumat verərlər.

Bir neçə gün də Moskvada qalıb bu macəradan sonra işlərini yekunlaşdıraraq Bakıya qayıtmalı imiş. Heç iki gün keçmir paytaxt milisinin bir əməkdaşı mehmanxanaya gəlib Qasım müəllimə fırıldaqçının tutulduğunu deyir və şairi şəhər milis şöbəsinə dəvət edir.

Köhnə “dostlar”ı üzləşdirirlər. Qasım müəllim həbs edilmiş “dost”unu gördükdə deyir: “Ты же такой талантливый человек, так зачем такими вещами занимаешься? Я ведь доверился тебе. Дело, конечно, не в деньгах. Ты просто бессовестно украл мое доверие к людям. Вот что мне обидно...” Müstəntiq üzünü məhbusa tutub soruşanda ki, üzləşdiyi adamı tanıyırmı, deyir tanımıram. “Вы считаете, что он врет вам в лицо?” deyə bir də soruşur. Məhbus “Господи, конечно, он говорит правду, разве может такой солидный человек врать? Но он меня с кем-то путает просто”. 

Ertəsi gün təkrarən milisə çağırılan şair ürəyiyumşaqlıqla müstəntiqdən xahiş edir işi elə qursun ki, “dost”unun cəzasında ağırlaşdırıcı hallar olmasın. Müstəntiq şairin xahişini təbəssümlə qarşılayıb ona məhbusla sonradan ikilikdə olan söhbətini çatdırır.

Məhbus peşmanlıqla deyibmiş ki, gərək o cür yaxşı insanla elə rəftar etməyəydi, bu qədər işlərinin içində heç vaxt başına gəlməyib ki, belə tezlikdə və xırda işə görə həbs edilsin, görünür, o cür gözəl insanı aldatdığı üçün Allah da cəzasını tez verməli imiş. Və xahiş edibmiş onu şairlə bir daha üzləşdirməsinlər, sadəcə üzrxahlığını ona çatdırsınlar...

Qasım müəllim qayıdır Bakıya. Onunla qucaqlaşıb görüşürük. Hal-əhval tuturuq. Tamara xanım da öz tapşırığının nəticəsini soruşur. Şair xanımına gülə-gülə deyir, sən hələ mənə yaxşı bir çay dəmlə, sizə bir əhvalat danışacam...

Nəriman Qasımoğlu

visiontv.az