Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
23.10.2021

Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq 10 milyon 429 min təşkil edib.

Visiontv.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16,3 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 15,4 faiz, kredit kartları üzrə 23,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər kartlar isə 1,1 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 9 ayı ilə müqayisədə 67 faiz artıb. 2021-ci ilin 9 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 7 milyard 218 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 988 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 771 milyon manatı POS-terminallar, 455 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 27,8 faizini təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı 7.1 faiz artıb.