Dövlətlərarası münasibətlər sistemində parlament diplomatiyasının rolu
Dövlətlərarası münasibətlər sistemində parlament diplomatiyasının rolu
09.02.2022 Nəsib Məhəməliyev Tərəfindən

Dövlətlərarası münasibətlər sistemində, xalqların, millətlərin  bir-birilərini yaxından tanımasında parlament diplomatiyasının rolu danılmazdır. Bu baxımdan Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətinin, fevral ayının 1-8 arası Baltikyanı ölkələrə səfəri olduqca zəngin və əhəmiyyətli olmuşdur. Latviya, Litva, Estoniya dövlət başçıları, parlament sədrləri, hökumət üzvləri, digər rəsmi şəxslərlə keçirilən görüşlərdə xanım Sədr tərəfindən, Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasətin müxtəlif aspektləri, tarixi qələbəmiz, BMT TŞ-n qəbul etdiyi 4 qətnamənin  icrası, müharibədən sonra regionda yaranmış reallıqlar, işğaldan azad olunan bölgələrdə aparılan bərpa işləri, kommunikasiyaların açılması, sülh sazişnin imzalanması istiqamətində görülən işlər, Azərbaycan-Avropa Birliyi münasibətləri, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi barədə ətraflı məlumat verdi. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, Prezident İlham Əliyevin təklif etdiyi 3+3 formatının reqionda sülhün bərqərar olmasına,  ümumiyyətlə iqtisadi inkişafa xüsusi töhfə verəcəyi qeyd olundu. 

Hər üç dövlət başçıları, parlament rəhbərləri tərəfindən Azərbaycanı özlərinə dost ölkə bildikləri, ərazi bütövlüyümüzü hər zaman dəstəklədikləri, ölkəmizlə əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqları, regionda gedən prosesləri yaxından izlədikləri xüsusi vurğulandı. 

Hər üç ölkədə keçirilən görüşlər, danışıqlar, Milli Məclisin mətbuat xidməti tərəfindən KİV-də kifayət qədər operativ şəkildə işıqlandırılmışdır.  Bununla belə düşünürəm ki, müşahidə etdiyim bəzi məqamları oxucularla bölüşmək yerinə düşər.

Birincisi, hər üç ölkədə Azərbaycanın güclü dövlət olduğu, Ermənistandan fərqli olaraq, xarici faktorlardan asılı olmayan müstəqil siyasət yürütdüyünü, yeni reallıqları tam şəkildə qəbul etdiklərini eşitmək çox xoş idi. Onların hər biri, regiona münasibətdə vahid mövqe sərgiləyirdi, regional və geosiyasi baxışları üst-üstə düşürdü. Düşünürəm ki, bunu birmənalı şəkildə Avropa İttifaqının mövqeyi kimi qəbul etmək lazımdır. Avropa Birliyinin vahid xarici siyasət kursu açıq şəkildə hiss olunurdu. Bu da şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin, Şərq Tərəfdaşlığı sammitinin son iclaslarında iştirakının məntiqi nəticəsidir. Bu günki reallıqlar odur ki,  ayrı-ayrı dövlət başçılarının buraxdığı səhvlərin acı nəticələrindən ölkələr ərazilərini itirir, milyonlarla insan əziyyət çəkir. Ona görə də, Milli liderlər, beynəlxalq münasibətlər sistemini, təhlükəsizlik sistemini mükəmməl bilməli, ölkələrinin maraqlarını xarici təsirlərdən qorumağı bacarmalıdırlar. Misal olaraq, Yaxın Şərq regionuna, keçmiş Sovetlər birliyinə daxil olan bəzi dövlətləri  göstərmək kifayətdir. 

İkincisi, Parlamentlərarası münasibətlərlə bağlıdır. Hörmətli Sahibə Qafarovanı uzun illər ərzində yüksək mədəniyyətli, ziyalı, kübar davranışlı, hər hansı bir reklamdan, mənasız, populist çıxışlardan uzaq ciddi bir xanım kimi tanımışam. Tale belə gətirdi ki, Azərbaycan-litva parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq, nümayəndə heyətinin tərkibində səfərdə olduq. Bəzən elə olur ki, uzun müddət hansısa  bir insanla yoldaşlıq, hətta dostluq etməyinə rəğmən, kifayət qədər onu tanıya bilmirsən. Ancaq ölkədən kənara çıxanda həmin şəxsin bütün müsbət və mənfi tərəfləri üzə çıxır. 

Cəmiyyət belə yaranıb ki, hər bir insan bir fərddir. Hər kəsin təbii olaraq, özünə məxsus xasiyyəti, həyat prinsipləri mövcuddur. Bu normaldır, belə də qəbul olunmalıdır. Mənim təbiətimdə yalandan boğazdan yuxarı danışmaq, nəyinsə xatirinə kimlərisə tərifləmək yoxdur. Ancaq, düşünürəm ki, insan gərək həqiqəti inkar etməsin, cəmiyyət üçün müsbət nümunə sayıla biləcək məsələləri təbliğ etsin. Bu baxımdan hörmətli Sahibə xanımın bütün rəsmi və qeyri-rəsmi görüşlərdəki çıxışları, intellekti, cənab Prezidentin apardığı siyasətin mahiyyətinin tam şəkildə çatdırılması, müxtəlif dillərdə akademik səviyyədə danışıq qabiliyyəti, bəzi hallarda ekspromt şəkildə verilmiş ziddiyətli sualları dəqiqliklə cavablandırması, ölkəmiz adına, Azərbaycan xanımı adına hər birimizdə fəxarət hissi yaşatdı. Hesab edirəm ki, bu fikirləri mənimlə bərabər, uzun illər xarici siyasət sahəsində çalışan  diplomatların da bölüşməsi, Sahibə xanım Qafarovanın peşəkarlığının göstəricisidir. Qərb dairələrinin formalaşdırdığı klassik müsəlman, Şərq qadını obrazının dağılması deməkdir. 

Üçüncü məqam, Hər üç ölkə ilə Azərbaycanı bağlayan tarixi kökləri vurğulamaq istərdim. Orta əsrlərdə Böyük Litva knyazlığı ilə Şirvanşahların yazışması tarixə düşmüş, 1918-20 illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Litva tərəfindən tanıdılması və diplomatik nümayəndəliyin açılması haqqında parlamentin qərarı və s. 

İnsani münasibətlərə gəlincə, Qərbi Avropa ölkələrindən fərqli olaraq, Baltikyanı ölkələrin əhalisi daha istiqanlı, daha qonaqpərvərdirlər. Bu mənada biz bir  çox ümumi  dəyərləri bölüşürük. Sovetlər dönəmində bir yerdə olmağımız özünü büruzə verir və baxışlarımızı müəyyənləşdirir. Burada, hər üç ölkədə Azərbaycanı ləyaqətlə təmsil edən səfirlərimizin, diplomatik korpusun əməkdaşlarının gərgin əməyini, rolunu xüsusi qeyd etməklə, hər birinə dərin təşəkkürümü çatdırmaq istərdim. 

Dördüncü məqam isə, hər üç ölkədə parlament üzvlərinin, adi insanların Azərbaycana olan isti münasibətlərinin, əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını qeyd etmək istərdim. Çoxsaylı görüşlərdə hər biri,  ölkəmizə gəlmək arzularını bildirirdilər. Etiraf etməliyəm ki, 30 il ərzində torpaqlarımızın işğalı, hər birimizə dərin kompleks yaşatmışdı. Müxtəlif xarici səfərlərdə özümüzü təhqir olunmuş hesab edir, istənilən obyektiv izahata isə, ümumiyyətlə soyuqqanlı yanaşırdılar. 44 günlük Vətən müharibəsi hər şeyi alt-üst etdi. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının başı dikdir. Bizə heç zaman görünməmiş etimad, sayğı göstərilir. Bu hissləri yaşadan Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusuna eşq olsun. Bu günki Azərbaycanla Avropa Birliyi də hesablaşır, Şərqlə Qərbdə, Şimalla Cənubda. 

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.



Millət vəkili Nəsib Məhəməliyev
Visiontv.az