Dövlət qurumları şəhid ailəsi üzvünü, qazini işlə təmin edib, açıqlama yaymalıdır
Videonu Aç
Dövlət qurumları şəhid ailəsi üzvünü, qazini işlə təmin edib, açıqlama yaymalıdır
18.11.2021 Qənirə Paşayeva Tərəfindən

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin dünən keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib, bir sıra vacib məsələlərə toxunub.

Qənirə Paşayeva vurğulayıb ki, şəhid ailələrinin işlə təminatı məsələsini yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersiz olacaq:
“Təbii ki, biz 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini dəstəkləyirik. Cənab Prezidentimizin rəhbərliyi ilə şəhid ailələri, qazilərimizlə bağlı həyata keçirilən böyük işləri hər bir vətəndaşımız qiymətləndirir. Bu istiqamətdə daha sürətli addımlar atmaq lazımdır. Necəki Milli Məclis açıqlama yayır ki neçə nəfər şəhid ailəsi üzvünü, qazini işlə təmin edib, bütün qurumlar da belə açıqlama yaymalıdır.

Məsələn, yerli icra sturkturları məlumat yaysa yaxşı olar ki son bir il içində neçə şəhid ailəsi üzvünü, qazini işlə təmin edib. Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Belə olarsa, biz işadamlarını, iri şirkətləri də bu işə dəstək verməyə çağırarıq. Şəhid ailələrinin işlə təminatı məsələsini yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu düzgün olmaz.Cənab Prezidentin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət-qayğısı bir nümunədir və bizim görüşdüyümüz çoxsaylı şəhid ailələri, qazilərimiz bunu dəfələrlə qeyd edib. Bununla belə, hər bir qurum da, vəzifəli şəxslər də şəhid ailələri üzvlərinin, qazilərin işlə təminatında öz üzərlərinə düşən mənəvi məsuliyyəti dərindən dərk etməlidir. İkinci bir vacib məsələ, şəhid ailələrinin mənzillə təminatı ilə bağlıdır. Şəhid ailələrinin evlə təminatı məsələsində köhnə normativlərdən imtina etməliyik. Bu, bir sıra müsbət olmayan yanaşmaları ortaya gətirir. Biz komitələrin iclasında üç şəhid mayorumuzun ailəsinin mənzillə təminatı ilə bağlı məsələyə toxunanda, çox sağ olsun, Maliyyə naziri Samir Şərifov bu barədə yazılı müraciət etməyi də uyğun gördü və nəzərə alınacağını bildirdi. Biz üç mayorumuz haqqında yazılı müraciətimizi göndərdik, inanırıq ki, müsbət həll olunacaq lakin belə problemlə yalnız üç mayorumuzun deyil, daha çox şəhid hərbçimizin üzləşdiyi məlumdur. Əgər lazımsa, normativlərdə müəyyən istisnalar olmalıdır. Ümumiyyətlə hər bir şəhid ailəsi bir dəfə dövlət hesabına mənzillə təmin olunmalıdır; təbii ki, ilk növbədə daha çox ehtiyacı olan şəhid ailələrinə öncüllük tanınmalıdır.

Məsələn, mayor Rüfət Əsgərovun ailəsini götürək: şəhidimiz 20 il qüsursuz xidmət edib, dövlətdən ev almasına az qalmış şəhid olub. Üstəlik, onun uşaqlarından birinin əlilliyi var. Onun ailəsinə təklif olunan ev çox kiçikdir, hansı ki Rüfət Əsgərov şəhid olmasaydı ailəsi daha geniş mənzil alacaqdı. Mayor Rahib Babayevin ailəsini götürək, o da 19 il vətənə qüsursuz xidmət edib, ev almağa az qalmış şəhid olub. Onun aisinin də evlə təminatı məsələsində problemlər var. Başqa bir misal Gəncədə özü müharibə veteranı olan şəhid ailəsi var, ikiotaqlı mənzil növbəsində olub, tək oğlu şəhid olduqdan sonra, deyirlər ki, normativlərə görə, sizə bir otaqlı mənzil düşür. Şəhid anası istəyir ki, ikiotaqlı mənzili olsun bir otağını şəhid olan yeganə övladının şəkilləri, əşyalırı ilə bəzəsin, onunçün bir təsəlli olsun, əlaqədar qurumlardan deyirlər ki, sizə ikiotaqlı mənzil düşmür. Ona görə də, bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir. Diqqətiniz üçün təşəkkür edirəm”.

Visiontv.az