Dövlət büdcəsinin 44 faizi bunlara xərclənib
23.07.2021

2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12070,8 mln. manat proqnoza qarşı 11590,5 mln. manat və ya 96,0 faiz icra edilib. Visiontv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin icrasına dair məlumatda deyilir.

Bildirilib ki, dövlət büdcəsi xərclərinin 7654,9 mln. manatı və ya 66,0 faizi cari xərclərə, 3052,1 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 mln. manat və ya 19,6 faiz çox), 883,5 mln. manatı və ya 7,6 faizi  dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 0,3 faiz çox) yönəldilib.

Sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5111,7 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 mln. manat və ya 2,6 faiz üstələyib.

Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164,5 mln. manat təşkil edib. Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazisləri üzrə 107,2 mln. manat vəsait istifadə olunub, həmçinin, dövlət istiqrazlarının investorlara satışı üzrə 774,0 mln. manat cəlb edilib.