Donbass hadisələri Ukraynanın NATO-ya üzvlüyünə yol açır?
08.04.2021

Rusiya-Ukrayna cəbhəsində alovlanan hərbi-siyasi gərginliyin fonunda müzakirə olunan məsələlərdən biri Kiyevin NATO-ya inteqrasiya və üzvlük məsələsidir. Bəzi ekspertlər qeyd edirlər ki, bu məsələ daha çox proseslərin hansı istiqamətdə cərəyan edəcəyindən asılıdır. Əlbəttə, Qərb-Rusiya qarşıdurması fonunda Ukrayna cəbhəsində “isti proses”lərin davam etməsi proqnozlaşdırılır.

Xüsusilə də nəzərə almaq lazımdır ki, ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir. Belə olan halda, Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı gözlənilir.
Şübhəsiz ki, bəhs olunan hərbi-siyasi qarşıdurmanın hazırkı mərhələdə aktiv fazaya keçməsinin səbəblərində biri Ukraynanın NATO-ya üzvlük məsələsinin aktuallaşmasıdır. Bu, Kiyevin Avroatlantik məkana inteqrasiyasının tərkib hissəsi kimi həm Qərbin, həm də Rusiyanın siyasi kuluarlarında müzakirə mövzularındandır. ABŞ-da hakimiyyət, Avropa İttifaqında isə geostrateji paradiqma dəyişikliyindən sonra Qərb Ukrayna-NATO cəbhəsində həlledici prosesin əsasını qoymaq və Şərqi Avropada Rusiyanı “oyundankənar vəziyyətə” salmaq niyyətindədir. Rusiya isə Ukraynanın NATO-ya gedən yolunu, öz “sərhəd təhlükəsizliyi zonası” hesab etdiyi ərazidən isə Qərbin ayağını kəsmək üçün hərbi-siyasi həmlələr edir.

Və Ukrayna... Bu ölkə NATO-ya üzv olmaq istiqamətində proseslərin sürətləndirilməsi çağırışı ilə çıxış edir, ABŞ və bəzi Avropa İttifaqına üzv ölkələr bu yanaşmanı adekvat qiymətləndirirlər. Əlbəttə, indiki mərhələdə atılan addımlar, xüsusilə hərbi təlimlərə cəlbolunma Ukraynanın NATO-ya qəbuluna hərbi-texniki hazırlıq prosesi kimi dəyərləndirilə bilər. Amma üzvlük məsələsi qısa zaman kəsimində öz həllini tapmayacaq. Çünki hərbi-texniki nüanslarla yanaşı, siyasi mərhələnin yekunlaşması gərəkdir. İndiki mərhələdə Ukraynanın NATO-ya qəbul ilə bağlı standart və meyarlara (xüsusilə, ərazisində münaqişə ocağı olması məsələsinə görə) cavab verməməsi, həmçinin bu ölkənin üzvlüyü ilə əlaqədar təşkilat daxilində siyasi konsensusun olmaması sözügedən məsələni ən yaxşı halda ortamüddətli dönəm üçün təxirə salır... Lakin siyasi proses artıq başlanıb...

Reallıq budur ki, proses çərçivəsində həm Kiyev, həm də müttəfiqləri Alyansa üzvlük məsələsində bundan sonra yeni hərbi paradıqma ilə fəaliyyət göstərəcək. Yaxınmüddətli perspektivdə Ukrayna ilə NATO-nun aparıcı ölkələri arasında hərbi əməkdaşlığa dair sazişlər imzalanması istisna olunmur. Yeni mərhələdə regionda Ukraynanın Avropa İttifaqının siyasi cəhətdən aparıcı dövlətləri ilə hərbi-strateji yaxınlaşması və yeni işbirliyi formatlarının yaradılması da müşahidə edilə bilər. Bütün bunlar isə 2030-cu ilə qədər Şimali Atlantika Alyansına üzvlük prosesinin yekunlaşması üçün strateji zəmin yaratmaq baxımından vacibdir...

Politoloq Nurlan QƏLƏNDƏRLİ

Visiontv.az