20.011.2019
Axtar
Gündəlik
alt

DİQQƏT!- Hüquqşünasdan yol hərəkəti qaydaları ilə bağlı MÜHÜM AÇIQLAMA

Ərşad Hüseynov : “Baş verən konkret hadisəyə qiymət verərkən təkcə sürücü və piyadanın hərəkətləri deyil, həm də məsul qurumların və vəzifəli şəxslərin işi nəzərdən keçirilməlidir”

"Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yanaşmanı kökündən dəyişməliyik. Yol hərəkəti təhlükəsizliyinə belə bir fəlsəfi yanaşma olmalıdır. Yol infrastrukturu, hərəkətin təşkili, xüsusən svetoforlar, nişanlar, xətlər elə tətbiq edilməli və işləməlidir ki, ən intizamsız və diqqətsiz hərəkət iştirakşısının (piyadanın, sürücünün, velosipedçinin və s.) da səhv edə biləcəyi, qavramayacağı, anlamayacağı məqamlar minimuma ensin".

Visiontv.az  sputnik az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O, əlavə edib ki, qaydalar elə olmalıdır ki, kimsə səhv edəndə bunun nəticəsi ən minimal zərərdən ibarət olsun.

"Hələ Qədim Romadan qalma belə bir aforizm var: "Errare humanum est". Yəni, səhv etmək insana xasdır, insanın xüsusiyyətidir. Gərək elə edəsən ki, səhv minimum və az zərərli olsun. Ona görə də müasir dövrdə hərəkət təhlükəsizliyinin təmin olunması məsuliyyətin bölünməsi prinsipi üzərində inkişaf edir. Bunun mənası odur ki, yollarda təhlükəsizlik təkcə hərəkət iştirakçılarının davranışından deyil, həm də və ilk növbədə hərəkəti təşkil edənlərin, infrastrukturu quran, idarə və nəzarət edənlərin fəaliyyətindən və məsuliyyətindən asılıdır. Baş verən konkret hadisəyə qiymət verərkən təkcə sürücü və piyadanın hərəkətləri deyil, həm də məsul qurumların və vəzifəli şəxslərin işi nəzərdən keçirilməlidir", – deyə o bildirib.


Ə.Hüseynov hesab edir ki, qeyd olunanlara nəqliyyat parkının təhlükəsizliyi və buna nəzarət, hərəkət iştirakçılarının, xüsusən sürücülərin maarifləndirilməsi və peşəkarlığın artırılması da daxildir.

"Bəhs etdiyim fəlsəfi yanaşma inkişaf etmiş ölkələrdə çoxdan əxz olunub. Hətta indi bu yanaşmanı yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən çox aşağı olan Asiya və Afrika ölkələrində də görürük. 2018-ci ilin dekabrında qəbul edilən Dövlət proqramında qeyd etdiyim ideya öz əksini tapıb. Görək icra edə biləcəyikmi", – deyə o qeyd edib.

 

Şərh