Diqqət çəkən hər iki ölkədə fərqli adlarla tanınmış yatağın “Dostluq” adlandırılması və birgə işlənməsidir - deputat Nəsib Məhəməliyev
Diqqət çəkən hər iki ölkədə fərqli adlarla tanınmış yatağın “Dostluq” adlandırılması və birgə işlənməsidir - deputat Nəsib Məhəməliyev
21.01.2021 Nəsib Məhəməliyev Tərəfindən

Türkmənistan və Azərbaycan xarici işlər nazirləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə istismarına dair Anlaşma memorandumunun imzalanması tarixi hadisədir. Eyni zamanda iki ölkə arasında münasibətlərdə yeni səhifə olaraq, uzun illər ərzində müxtəlif dövlətlərin maraqlarına uyğun olaraq süni şəkildə yaradılmış əngəlliklərin aradan qaldırılması deməkdir.

Diqqət çəkən əsas məqamlardan biri, əvvəllər hər iki ölkədə fərqli adlarla tanınmış yatağın “Dostluq” adlandırılması və birgə işlənməsidir.

Hər kəsə məlumdur ki, həmin yataqlar Türkmənistanın əvvəlki rəhbərliyi dövründə ciddi münaqişələrə səbəb olmuş, hətta bəzi məqamlarda düşmən qüvvələr tərəfindən müharibə sədaları eşidilirdi. O baxımdan hesab edirəm ki, bu günki anlaşmada məhz,  Prezident İlham Əliyevin şəxsi beynəlxalq nüfuzunun, dünya erməniliyi üzərində əldə etdiyi qələbənin çox böyük rolu vardır. 

Baltik dənizinin dibi ilə çəkilməkdə olan Rusiyanın “Şimal axını-2” layihəsinin dondurulması ABŞ-n yeni administrasiyası tərəfindən  də davam etdiriləcəyini nəzərə alsaq, Azərbaycanın dünyanın enerji xəritəsində payı və rolu artacaqdır. 

İqtisadi cəhətdən çox saylı yeni iş yerlərinin açılmasına, ölkələrin nəqliyyat-logistika mərkəzinə çevrilməsinə, iqtisadi inkişafına səbəb olacaqdır. 

Bundan sonra iki tərəfli əməkdaşlıq daha da geniş vüsət alacaq, bu da türk dünyası ölkələri arasında inteqrasiya proseslərini sürətləndirəcəkdir. 

Nəticə etibarilə, Xəzər regionunda uzun illər birgə əməkdaşlığa mane olan amilləri  aradan qaldırılmaqla, bu anlaşma hər iki xalqın mənafeyinə tam cavab verir.