DİM buraxılış imtahanında sualın yanlış olması ilə bağlı fikirlərə münasibət bildirib
13.03.2023

Ötən gün XI siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkədə riyaziyyat fənnindən paralelepipedlə bağlı sualın yanlış olduğu ilə bağlı məlumatlar yayılıb.

Visiontv.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 12 mart 2023-cü il tarixində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən qeyd edilən test tapşırığı ilə bağlı müraciət müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb:

“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.