Dilənçilik edən Ermənistanın bu qədər silah-sursatının olması sual doğurur - Cavid Osmanov
21.10.2020

“Bu gün Ali Baş Komandan İlham Əliyevın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni qələbələr qazanır. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”.

Visiontv.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun və xalqın birliyinin məntiqi nəticəsidir:

“Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Füzuli şəhəri, Zəngilan şəhəri, Hadrut qəsəbəsi və 100-ə yaxın kənd düşmən işğalından azad edilib. Ordumuz tərəfindən düşmənə çox sarsıdıcı zərbələr endirilib, onların xeyli sayda hərbi texnikları məhv edilib. Prezident İlham Əliyev vaxtaşırı xalqımıza müraciətində və xarici medialarında müsahibələrində düşmənin sıradan çıxarılan hərbi texnikaları, qənimət kimi götürülən texnika, silah-sursatla bağlı məlumat verir. Ancaq maraqlıdır ki, dilənçilik etməklə, onun-bunun hesabına yaşamağa çalışan Ermənistanın bu qədər hərbi texnikası, silah-sursatı məhv edildikdən sonra yenə də onlarda hərbi texnika, silah-sursat mövcuddur. Bu, çox böyük sual doğuran bir məqamdır”.