DƏHŞƏTLİ GÖRÜNTÜ:Parkda hər kəsin gözü qarşısında itləri belə güllələdilər - VİDEO
26.07.2019

Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.

VisionTV.az  xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.

"Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər", - deyə kənd sakinləri şikayətləniblər.

Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.

"Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək", - deyə Rəşad Zeynalov bildirib.

İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik. Ürəyi zəif olanların bu kadrlara baxması məsləhət deyil.