Daha böyük, daha güclü Azərbaycanın yolu düşüncəmizdən keçir!
Daha böyük, daha güclü Azərbaycanın yolu düşüncəmizdən keçir!
15.07.2021 Elçin Mirzəbəyli Tərəfindən

Rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu düşünür və bu mövqeyində də haqlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatının müddəaları Ermənistan üçün kapitulyasiya xarakteri daşıyır və rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Bunun alternativi sözügedən bəyanatda yer alan öhdəliklərin təkcə Ermənistan deyil, həm də zəmanətçi ölkə tərəfindən yerinə yetirilməməsi deməkdir ki, bu da kapitulyasiya aktının icrası üçün güc tətbiqinə hüquqi əsas yaradır. 

Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bir daha bəyan etdi ki, münaqişə Azərbaycan tərəfindən birtərəfli qaydada həll olunub və Ermənistan-Azərbaycan sərhədləri Silahlı Qüvvələrimizin müvafiq bölmələri tərəfindən nəzarətə götürülüb. 

Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərimizdə yaşayan etnik ermənilərin Ermənistanla əlaqəsinə imkan yaratmaq məqsədilə keçici “statusa” malik olan “Laçın dəhlizi” isə, bəyanatın prinsiplərinə əməl edilməyəcəyi təqdirdə öz ömrünü əbədilik başa vura bilər. Prezidentin çıxışındakı “Biz öz sərhədlərimizə çıxmışıq” ifadəsi, məhz bu anlama gəlir. Azərbaycan üçün, dünyanın əksər ölkələrinin də qəbul etdiyi bir reallıq var: Münaqişə bitib və postmünaqişə -quruculuq mərhələsi başlayıb. 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının son bəyanatında yer alan “postmünaqişə” ifadəsi, həmçinin “Minsk üçlüyü” istisna olmaqla, Azərbaycanda dispokasiya olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən Şuşaya səfərləri, Ermənistanın törətdiyi vəhşiliklərlə və quruculuq işləri ilə tanış olmaları bunu sübuta yetirir. 
Dövlət başçısı öz çıxışında bir daha bəyan etdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və “Dağlıq Qarabağ” ifadəsi işlədilməməlidir. Məlum olduğu kimi, Azərbaycan ərazisində de-yure və de-fakto ləğv edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”, həmçinin “Dağlıq Qarabağ” adlı inzibati ərazi subyekti yoxdur. Digər tərəfdən, beynəlxalq birlik Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və bu xüsusda sərhədlərini və ərazi bütövlüyünü keçmiş SSRİ-nin daxili inzibati sərhədlərinə uyğun olaraq tanıyıb. Bu reallıq isə heç zaman dəyişməyib, dəyişməsi də mümkün deyil. 

Ermənistan, erməni diasporu, həmçinin münaqişə başa çatdığı üçün regiondan əli üzülənlər, yaxud oyundan kənarda qalanlar, nəyin bahasına olursa-olsun “münaqişənin başa çatmadığı” görüntüsünü yaratmağa çalışırlar. Çünki onların regiondakı mövcudluğu yalnız “münaqişə”nin davam etdiyi təqdirdə özünü büruzə verə bilir. Ermənistan isə öz növbəsində təxribatlar törətməklə, bölgədənkənar qüvvələrin siyasi müdaxilə və təsir imkanlarını qoruyub-saxlamaq üçün bəhanələr yaratmağa, əsasən Rusiyanın, qismən isə Türkiyənin mövqelərini və uzlaşma imkanlarını bacardığı qədər məhdudlaşdırmağa çalışır. Kəsəsi, münaqişə yoxdursa, deməli “Minsk üçlüyü” də tam şəkildə yoxdur. Yalnız Rusiya, Türkiyə və təbii ki, prosedə fəal rol oynamayan, amma bölgənin təhlükəsizliyində maraqlı olan digər dövlətlər var. 

Daha öncə qeyd etdiyim kimi, Azərbaycan münaqişəni həll edib və bölgədəki mövcud reallıqlar çərçivəsində sülh müqaviləsini imzalamağa hazırdır. Sülh müqaviləsinin əsas müddəaları isə Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması və rəsmi İrəvanın bütün əsassız iddialarından əl çəkməsi olmalıdır. Bunun alternativi yoxdur. Əks təqdirdə, Azərbaycan Ermənistanın beynəlxalq hüququn prinsiplərinə və öhdəliklərinə əməl etmədiyini, Azərbaycan Respublikasının təhlükəsizliyinə davamlı olaraq təhdid yaratdığını əsas götürərək, hələ SSRİ dövründə xalqımızın iradəsinə zidd olaraq, qanunsuz bir şəkildə Azərbaycandan qopardılmış ərazilərlə bağlı Ermənistandan fərqli olaraq, tarixi həqiqətlərə söykənən iddialarının reallığa çevrilməsi üçün təxirəsalınmaz addımlar atmaq məcburiyyətində qalacaq. 

Prezidentin çıxışında yer alan fikirlər həm də Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına mesajdır: Tarixi ədalətin bərqərar olunmasının, təhlükəsizliyimizin əbədiyyətə qədər təmin edilməsinin yolu BÖYÜK HƏDƏFLƏRimizə qətiyyətlə, əzmlə, birlik və həmrəylik içində, fədakarlıqla addımlamağımızdan keçir! Yəni daha böyük, daha güclü Azərbaycanın yolu ilk növbədə düşüncəmizdən keçir! 

Elçin Mirzəbəyli

Visiontv.az