Çubaysın bəxti gətirdi, sağ qaldı...
Çubaysın bəxti gətirdi, sağ qaldı...
08.08.2022 Bəybala Mirzəyev Tərəfindən

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin "sağ əl"i, Putinin isə xüsusi nümayəndəsi olmuş Anatoli Çubays bu gün İtaliyanın “Mater Olbia” klinikasından evə buraxılıb və xəstəxanadan çıxaraq, reabilitasiya üçün Frankfurta (Almaniya) gedib.

Dünya KİV-i və bir çox ekspertlər onun Putinin adamları tərəfindən "Noviçok" adlı təhlükəli maddə ilə zəhərləndiyini bildirirdilər. Çubays reanimasiyaya yerləşdirilmişdi. Onun üzü, əlləri, ayaqları qismən iflic olmuşdu. 

Lakin onu sağaltmaq mümkün oldu və Çubays bu gün “Mater Olbia”dan sərbəst hərəkət edərək ayrılıb. İtalyan həkimlər onun "Noviçok"la zəhərlənmədiyini bildiriblər. Belə ki, keçmiş məmura "Giyen-Barre sindromu" diaqnozu qoyulub.

"Giyen-Barre sindromu"nun əsas əlamətləri:
-Ətraflardan, xüsusən də ayaqlardan başlayıb yuxarıya doğru yayılan süst iflic. Tənəffüs əzələlərinin iflici. Davamlı hissiyyat pozulmaları.

Bu xəstəlik çox hallarda infeksion xəstəliklərin nəticəsində inkişaf edir. İndiyə qədər xəstəliyin dəqiq səbəbi müəyyənləşdirilməyib. Bəzi müəlliflər bu xəstəliyi autoimmun xəstəliklərə aid edirlər. Pasiyent vaxtında nəzarətə götürülməyəndə və müalicəsi başladılmayanda, bu xəstəlik əksər hallarda ölümlə nəticələnir.

Bir sözlə, Çubaysın bəxti gətirib. Bəxti gətirib ki, "Noviçok"la zəhərlənməyib. Və həm də bəxti gətirib ki, istirahət etdiyi Sardiniyada vəziyyəti ağırlaşan kimi onu dərhal xəstəxanaya qaldırıblar. Tanrının lütfü və italyan həkimlərin peşəkarlığı sayəsində adam sağ qalıb. 

P.S.
Çubays Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından dərhal sonra vəzifəsini tərk etmiş və xaricə getmişdi.

Bəybala Mirzəyev

visiontv.az