“Çovdar” nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb
07.05.2021

Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu “Çovdar” nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsinə başlayıb. QSC-dən  bildirilib ki, “AzerGold” və Arxeologiya və Etnoqrafiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, Son tunc - Erkən dəmir dövrünün (e.ə. II min. sonu - I min. əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid “Çovdar” nekropolunda aşkar edilmiş artefaktların kameral tədqiqi həyata keçirilir. Layihənin məqsədi qədim mədəni irsimizi daha dərindən tədqiq və təbliğ etmək, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməkdir.

 

Qeyd edək ki, layihə çərçivəsində arxeologiya sahəsində zəngin təcrübəyə malik xarici ekspertlər də elmi tədqiqatlara cəlb ediləcək, nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında onların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbləri, qohumluq əlaqələri və qida rasionu kimi məlumatların əldə edilməsini təmin edən C14, karbon (13C) və azot (14N) izotopları üzrə analizlər aparılacaq. Bundan başqa, Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin poleoekoloji şəraiti, landşaftı, topoqrafiyası və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi planlaşdırılıb. Həmçinin görülən işlər və onların nəticələrinin beynəlxalq səviyyədə təbliği məqsədilə nüfuzlu elmi dərgilərdə silsilə məqalələrin dərci, o cümlədən elmi hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələri aşkar edilib. Ərazidə tikinti işləri dərhal dayandırılıb, aidiyyəti üzrə çöl-tədqiqat işlərinin həyata keçirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilib. Nəticədə institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilovun rəhbərliyi ilə “Daşkəsən” arxeoloji ekspedisiyası təşkil edilib. Beş ay müddətində davam edən arxeoloji qazıntı işləri zamanı aşkarlanan qəbirlərin sayı 156-ya çatıb. Qəbirlərdən 6 mindən çox eksponat çıxarılıb.