Çirkli dəniz suyu ağız boşluğuna və mədə-bağırsaq yollarına düşdükdə nə baş verir?
Çirkli dəniz suyu ağız boşluğuna və mədə-bağırsaq yollarına düşdükdə nə baş verir?
05.08.2022 MEDİA Tərəfindən

Bu yaxınlarda tanışlardan birinin uşağı dənizdən qayıtdıqdan sonra ciddi halsızlıq, qulaq ağrısı, ishal və s. problemlərlə qarşılaşıb. Həkimə müraciət etdikdən sonra ailəyə deyilib ki, çox güman, bu çirkli dəniz suyunun uşağın ağzına getməsi ilə əlaqədardır.

Deyilənlərin nə dərəcədə həqiqət olduğunu elə öz həkimlərimizdən öyrənməyə çalışdıq. Ən azından real vəziyyətdən xəbərdar olmaq hər birimiz üçün önəmlidir.

Belə anladım ki, mümkün qədər ehtiyatlı olun, çimərlik üçün icazə verilməyən, daha çox çirkləndirilmiş ünvanlara getməyin!

Çirkli dəniz suyu ağız boşluğuna və mədə-bağırsaq yollarına düşdükdə nə baş verir? Bu hansı fəsadlar törədə bilər?

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu İnci Bağırova:

“Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Bu mənada qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür. Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Həmçinin üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su gedir.

Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq pozğunluğu, ishal, iştah pozğunluğu, başgicəllənmə və baş ağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin. Ən vacib addım budur!”.

Elnur Hidayətoğlu

visiontv.az