“Chrome OS” sistemli noutbukların tədarükü 4 dəfə artıb
06.05.2021

Dünya bazarında “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən portativ kompüterlərə tələbat sürətlə artır. Bu qurğulara tələbat davam edən pandemiya fonunda distant təhsil platformalarının inkişafı ilə izah olunur.

“Digitimes Research” şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ilin birinci rübündə “Chrome OS” noutbuklarının tədarük həcmi 10 milyon ədədi ötüb. Bu, 2020-ci ilin birinci rübünün nəticəsi ilə müqayisədə 280 faiz çoxdur.

Qeyd olunur ki, yanvar-martda “HP”, “Samsung Electronics” və “ASUS” şirkətləri “Chrome OS” əsasında noutbukların tədarük həcmində rekord nümayiş etdiriblər. Bundan başqa, “MediaTek” prosessorları üzərində qurulan noutbukların tədarükü yeni səviyyəyə çataraq təxminən 1,5 milyon ədəd təşkil edib.

Dünya portativ kompüterlər bazarına ümumilikdə nəzər saldıqda ötən rübdə tədarük həcminin 57,51 milyon ədəd səviyyəsində olmasının şahidi oluruq. Bu, 2020-ci ilin sonuncu rübü ilə müqayisədə 8,7 faiz azdır.

Analitiklərin sözlərinə görə, oyun noutbukları seqmentində satışda artımı “ASUS” və “Micro-Star International” (MSI) şirkətləri nümayiş etdirib. Lakin bu sektorda yüksək məhsuldarlıqlı prosessorlar və diskret qrafik sürətləndiricilər çatışmazlığı müşahidə olunur.

“Apple” şirkəti rüb ərzində 5 milyondan çox “MacBook” noutbuku tədarük edib. Bu portativ kompüterlərin tədarükündə artım illik hesablamada təqribən 150 faiz təşkil edib.

ICTnews