Cərimələrin artırılması yoluxmanın qarşısını almaqda əsas vasitə ola bilməyəcək-deputat Razi Nurullayev
29.06.2020

Çünki, inamsız vətəndaşlar müxtəlif vasitələrlə maska taxmağı siçan-pişik oyununa çevirəcək.

Bunu millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, ilk növbədə “niyə insanlar maska taxmaq istəmirlər?” sualına cavab tapmaq gərəkdir:

“Məgər vətəndaşlar özlərinin, qohumlarının və yaxınlarının düşmənidir? Qrip tutan, asqıran və öskürən adam görən kimi qaçıb uzaqlaşırıq. Qrip, vərəm, malyariya tutan adamın yanına bir nəfəri Kalaşnikov lüləsinin qabağında belə sala bilmərik.
Bəs indi bu millətə nə oldu? İnamsızlıq. Bütün dünya hökumətləri qışqırır ki, özünüzü qoruyun, ciddiyə alan yoxdur. Demək məsələ xalqımızda deyil, problem inamsızlıqdadır. Onun da səbəbi təbliğatı 10-15 dəfə üstələyən anti-təbliğatdır. Telefonlarımız anti-təbliğatla doludur və elə arqumentlər gətirirlər ki, istər-istəməz şübhəyə düşür adam.

Deyim ki, hazırkı çağırışlar vətəndaşlara qıcıqlandırıcı görünür və onlar o materialları oxumaq belə istəmir. Çünki, aşağı-yuxarı bütün təbliğat materilları eyni məzmunlu və eyni tezizlər üzrə çağırışdır”.

Razi Nurullayev vurğulayıb ki, birmənalı olaraq, cərimələr maska taxanların sayını çoxaldacaq, amma faydası az olacaq:

“Birincisi, 30 qəpiklik maskalar iki saatlıq müddət üçündür. Amma, vətəndaşlar onu həftələrlə taxır. Vətəndaşlar arasında kiçik bir sorğu apardım və gördüm ki, bir çoxları görüntü üçün taxır, sonra çıxarıb cibinə qoyur və təzədən lazım olanda yenə taxır.
Bizə nə lazımdır? Bizə vətəndaşların qorunmaq naminə könüllü olaraq maska taxmaları vacibdir. Bir də özümüzü aldatmayaq. Maska 30 qəpikdir, heç bir vətəndaş iki saatdan bir maska alıb dəyişməyəcək və ya gün ərzində maskaya 2-3 manat da pul verməyəcək. Maskalar pulsuz paylanarsa, mümkündür”.

Millət vəkili vəziyyətdən çıxış yolu kimi ictimai qınağın əhəmiyyətini vurğulayıb:

“Nə təklif edirəm? İctimai qınaq. İsveçrədə bir sürücü qaydanı pozursa, arxasınca gələn sürücü şəklini çəkir və polisə göndərir. Yəni vətəndaşlar bütün sahələrdə bir-birinə nəzarət edirlər. Onlar bunu vətəndaş nəzarəti adlandırır, bizlər isə “sukalıq”, yəni “satqınçılıq”. Amma, indi bunları düşünməyin zamanı deyil.
İctimai qınaq üçün nə edək? Sadəcə, maska taxmayan adam görəndə ondan nümayişkəranə şəkildə uzaqlaşaq. Artıq tətbiq edildiyi kimi maska taxmayan sərnişin olan zaman, marşrut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən imkanı olanlar cibində təmiz maskalar gəzdirsin və olmayanlara təklif edib utandırsın. Yaşlılarını cəhalət üzündən qoruya bilməyənləri də lap adbaad ictimai qınağa məruz qoymaq olar.
İctimai qınaq mütləqdir və müxtəlif innoavativ yollarını da hər kəs düşünüb tətbiq edə bilər. Çarələr tükənməzdir”.

“Cərimələrin tətbiqinə tələsməyək” deyən millət vəkili, “operativ Qərargahın tərkibinə insanların tanıdıqları və qəbul etdikləri insanların daxil edilməsinə nail olmağa çalışaq” deyə vurğulayıb:
“Etiraf edək ki, TƏBİB bacarmadı.
Prezidentin xeyir-duası və Baş nazirin iştirakı ilə cəmiyyətin bütün spektrlərini əhatə etməklə online konfransın keçirilməsinə və təkliflərin dinlənilməsinə ciddi ehtiyac var”...

visiontv.az