««Cəlal» efirdədir, başlayın!»: İldırım sürəti ilə mənzilə girən əks-kəşfiyyat qrupu içəridəkilərə qımıldanmağa belə imkan vermədi
««Cəlal» efirdədir, başlayın!»: İldırım sürəti ilə mənzilə girən əks-kəşfiyyat qrupu içəridəkilərə qımıldanmağa belə imkan vermədi
06.06.2023 MEDİA Tərəfindən

Jurnalist araşdırmaçı Araz Qurbanovun “Səssiz müharubə” kitabından seçmələri verməkdə davam edirik. Bu gün sizə 5-ci hissəni təqdim edirəm. İran cəsuslarının həbs edilməsi üçün bütün hazırlıqlar görülmüşdü. Azərbaycanın əks-kəşfiyyatçıları əməliyyatın bütün detallarına qədər fikirləşmişdilər. Əməliyyatın tam effektli olması üçün və İran tərəfinin bəhanə etməyə arqumentləri olmaması üçün qərara alınmışdı ki, cəsuları iş başında ifşa etsinlər.

«Bar» yetişmiş, «məhsul yığımı» vaxtı çatmışdı. Casusları həbs etmək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi üçün elə bir problem deyildi. Onların cinayət əməllərini sübuta yetirmək də çətinlik törətməyəcəkdi. Xeyli dəlil, sübut toplanmış, video-foto çəkilişlər aparılmışdı. Lakin bütün bunlar onların cinayətlərini sübut etmək üçün kifayət deyildi. Əks təqdirdə dövlətlərarası münasibətlərdə sərinlik yaranar, dırnaqarası «böhtana məruz qalan» casuslar isə cəzasız qala bilərdilər. Nəticədə Azərbaycan tərəfi bütün dəlillərinə baxmayaraq, İran hökumətindən rəsmi üzr istəməli olacaqdı. Odur ki, «Cəlal» və onun qrupu yalnız və yalnız cinayət başında yaxalanmalı idi. Casuslardan xəbərsiz mənzilin daxili planından, otaqlarda mebelin düzülüş qaydasından tutmuş, qapının kilidinə, pəncərələrin rəzələrinədək hər şey dəqiqliklə öyrənildi. Və nəhayət, «N» saatı gəlib yetişdi... 
24 fevral 1993-cü il. Dünən Moskvada «Rusiya Federasiyası Silahlı Qüvvələri» günü atəşfəşanlıqla qeyd olunub. Bakı isə növbəti həyəcanlı və qayğılı günlərinin birini yaşayıb. Naxçıvani küçəsindəki sakit məhəllə yenə də öz qapalı aləmindədir. Günortaüstü də olsa da, küçədə əl-ayaq çəkilib. İliyə işləyən qış küləyi sakinləri təkidlə evlərinə qovur. Paltosunun yaxalığını qaldırıb isti mənzillərinə tələsənlərin heç birinin ağlına da gəlməzdi ki, bir azdan sonra burada baş verəcək hadisə onların məhəllələrini məşhurlaşdırıb, məxfi yazışmalarda diplomatik sənədlərdə hallandıracaqdır. Təbii ki, o vaxt bunu bilməzdilər. Və çox güman ki, əksəriyyəti bu sətirləri oxuduqdan sonra altı il əvvəl dörd iranlı qonşularının qəflətən peyda olduqları kimi «yoxa çıxmasının»da əsl səbəbini anlayacaqlar... 
Saat 11:30. Əməliyyat qrupunun hər bir üzvü sakinlərdə şübhə oyatmadan tədricən öz yerini tutur. «Cəlal»ın efirə çıxacağı vaxta isə lap az qalıb. Saatın hər iki əqrəbi 12-nin üstündə dayananda ratsiyadan «dispetçerin» amiranə səsi eşidilir: ««Cəlal» efirdədir, başlayın!»

Günlərlə hazırlanan əməliyyat bir neçə saniyə ərzində başa çatdı. İldırım sürəti ilə qapıdan, eyvandan, pəncərədən mənzilə soxulan hücum qrupu içəridəkilərə qımıldanmağa belə imkan vermədi. Heyrətdən gözləri az qala hədəqədən çıxan İmdadi nə ratsiyanın arxasından qalxa, nə də qulaqcığı başından çıxara bildi. Alt paltarında idi. Videolentə də bu görkəmdə düşdü. Yalnız qollarına qandal vurulanda handan-hana özünə gəlib dili dolaşa-dolaşa mızıldandı: «Ağa, siz haradan gəldiniz!?»

Sifəti maskalı əməliyyat işçisi neçə ay ərzində damla-damla yığılan qəzəbini gizlətmədi. Acıqla: «Sən gəzdiyin yerdən, Qarabağdan!» - dedi...

Az sonra yaxalananların və hal şahidlərinin – qonşuların iştirakı ilə mənzildə axtarış aparıldı, içəridə baş verənlər videolentə köçürüldü. Bu zaman əslən azərbaycanlı olan İmdadi qəflətən ana dilini «unutdu» və farsca danışmağa başladı. Köhnə üsuldur, səfirlik əməkdaşları gələnədək vaxtı uzatmağa çalışırdı. Lakin casusların belə fırıldağa əl atacağını qabaqcadan duyan DTX öz «tədarükünü» çoxdan görmüşdü. Qapının arxasında gözləyən tərcüməçi içəri daxil oldu...

Dolabın, şkafın qapıları açıldı və radiostansiyanın əsas və yardımçı blokları üzə çıxarıldı. «Bunlar nədir?» sualına «Cəlal» fars dilində cavab verir: - Səfirliyin radiosudur, İrana məlumat göndərirdik...

Dəhlizdəki səfər çantasından, «diplomat»dan hərbi kompaslar, radiostansiya üçün ehtiyat hissələri, təmir ləvazimatı və birdəfəlik şprislər aşkar olunur. Bir azdan növbə çarpayının altında düzəldilmiş gizli saxlanca çatır. MTN əməkdaşları İmdadinin həyəcan dolu baxışları altında onun içərisindəkiləri bir-bir çıxarıb döşəməyə düzürlər. Çirkli corabların arasından Xomeyninin, Rəfsəncaninin, Xameneyinin portretləri, kimə nə qədər rüşvət verildiyi qeyd olunan cib kitabçası, radioqram mətnləri yazılmış vərəqələr, şəffaf papirusun üzərində karandaşla çəkilmiş cəbhə bölgəsinin xəritəsi üzə çıxır. Xəritədə yaşayış məntəqələrindən savayı, Azərbaycan Ordusunun mövqeləri, hərbi hissələr, strateji yüksəkliklər, yollar və s. böyük dəqiqliklə göstərilmişdir.

- Xəritə kimindir? – deyə «Cəlal»dan soruşurlar.

- Hamısını bizim səfirlik gətirib. Xəritə də onlarındır. Bu gün gəlib aparacaqlar...

Casus ləvazimatı bir-bir tapılıb dəhlizdə qalaqlandıqca, İmdadinin nəfəsi daraldı və qəflətən «dili açıldı».

Azərbaycanca hay çəkdi:

- Gedin səfiri çağırın, Rövşən müəllimə zəng vurun!...

Məlum səbəblərə görə, əməliyyatın gedişinin təfərrüatına varmırıq. Fakt isə budur: Azərbaycanın ziddinə casusluq edən qrupun iki üzvü Əzim İmdadi və Mircavad Musəvi kəşfiyyat xarakterli məlumatı «Əkbər»ə ötürərkən həbs olundular. Az sonra dəstənin digər üzvləri – Məhəmməd Xuşiyar, Cəlal Tahiri və İsmayıl Əsğər Leskukolayi də yaxalandılar. Təkcə bir müddət əvvəl İrana qaçan Məhəmməd Rza Əsədbegi məsuliyyətdən yayına bildi. Casusların yaşadıqları mənzildə axtarış zamanı aşkar olunan xüsusi avadanlıq Azərbaycana yalnız diplomatik yük kimi gətirilə bilərdi. Lakin «ən yaxşı müdafiə hücumdur» deyən İranın Bakıdakı diplomatik nümayəndəliyinin «Cəlal» qrupunun əməllərinə görə üzrxahlıq etmək fikri yox idi. Casusların yaxalanması xəbəri Arazın o tayına çatan kimi sanki aydın səmada ildırım çaxdı və səfirlik «hərbi müşahidəçilərin» əməlləri barədə məlumatın yayılmaması, xüsusilə, mətbuata sızmaması üçün heyrətamiz çevikliklə həmləyə keçdi. Rəsmi üzrxahlıq əvəzinə Azərbaycanı naşükürlükdə, İranla dostluq münasibətlərinə xələl gətirməkdə ittiham etdi. Hökumət dairələrinə göndərdiyi etiraz notası isə bu sözlərlə bitirdi: «Zəiflərin təkəbbürlülər üzərində qələbəsi ümidi ilə!». Səfirlik həmin sənəddə radiostansiyanın səfirliyə məxsus olduğunu təsdiqləyərək təkidlə bildirmişdi ki, casusluq üstündə yaxalanmış İran vətəndaşları dərhal azad edilməli, Azərbaycan hökuməti bu «qanunsuz» əməlinə görə rəsmi üzr istəməli, ən nəhayət, onlara dəymiş maddi və mənəvi ziyanın dəyəri ödənilməlidir. Əslinə qalsa, bu notaya əsasən, kimin «zəif», kimin isə «təkəbbürlü» olmasının özü sual altındadır. Digər tərəfdən, tələsik tərtib olunmuş diplomatik məktubun mətnindəki məntiqsizlik nəticə etibarilə onu səfirliyin etirazına deyil, məhz etirafına çevirir. Məsələn, aşkar olunmuş məxfi radiostansiya həqiqətən də, səfirliyə məxsusdursa, nə səbəbə protokola əsasən, İran İslam Respublikasının Azərbaycandakı ərazisi sayılan diplomatik nümayəndəliyin binasında deyil, kirayəyə götürülmüş ucqar mənzildə quraşdırılmışdır? İkincisi, nə üçün səfirlik «dinc məqsədlə» istifadə olunan həmin texnikanın istismarı barədə Azərbaycan Respublikası Rabitə Nazirliyinə xəbər verməmiş və onun icazəsini almamışdır? Belə çıxır ki, rəsmi Tehran «hərbi müşahidəçilərin» casusluqla məşğul olduğunu bilsə də, susmuşdu! Üstəlik İranın Azərbaycandakı səfirliyinin müşaviri Rəhimian hüquq-mühafizə orqanlarına belə bir bəyanat da vermişdi ki, əgər həbs olunanlar azadlığa buraxılmasalar, rəsmi Tehran oradakı Azərbaycan vətəndaşlarına qarşı müvafiq cavab tədbirləri görəcəkdir: «AXC rəhbərlərinin İranda şəxsi mağazaları var. Lazım gələrsə, onlara həbs qoyulacaq...».

Cinayət əməlləri sübut olunsa da, casuslar dəmir barmaqlıqlar arasında çox qalmadlıar. Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirdi. «Hərbi müşahidəçilər» qrupunun üzvləri arzuolunmaz şəxs - «persona non qrate» elan olunub ölkədən çıxarıldı və Azərbaycan Respublikasının qapıları onların üzünə həmişəlik bağlandı.

(Ardı var)

Araz Qurbanov

visiontv.az