Can verən uşaq, meyidlərin axdığı çay və jurnalist etikası
Can verən uşaq, meyidlərin axdığı çay və jurnalist etikası
30.06.2022 Şöhrət El-Dəniz Tərəfindən

Ənənəvi media jurnalistikasında önəmli olan, etik prinsiplərin qorunmasında mühafizəkarlığa daha ciddi əməl edilməsidir. Ümumiyyətlə jurnalistikada etik normalar həmişə müzakirə obyektində olubdur. Çünki jurnalistikada etika və peşəkarlıq bəzən bir araya sığmaz dərəcədə bir-birinə müxalif ola bilirlər. Ona görə jurnalistikada etik dəyərlərin peşəkarlıqdan öndə, bir yerdə və yaxud sonda addımlaması həmişə müzakirə və mübahisə predmetinə çevrilib.

Ənənəvi jurnalistikanın tərəfdarları adətən etikanın peşəkarlıqla bir yerdə addımlamasını qeyd edirlər. Amma zaman-zaman elə hadisələr olub ki, bu fikrə heç də həmişə riaət olunmadığı önə çıxır.

Beynəlxalq jurnalistikada etik kodekslər

Ümumiyyətlə dünya mətbuatında jurnalistlərin etik kodeksi 1923-cü ildə Аmеrikа Qəzet Redaktorlar Birliyi tərəfindən tərtib edilib. Sonralar 1939-cu ildə Веуnəlxalq Jurnalistlər Federasiyası bu kodeksə əlavələr edibdir.

Beynəlxalq jurnalistikada etik kodekslər bir sıra beynəlxalq dövlətlərarası qurum və təşkilatların qəbul etdikləri normativ və konvensiyalarda öz əksini tapıb. Əsasən Qərbi Avropa və ABŞ media nümunələrinin etik kodeksləri ilə tanış olarkən belə bir nəticəyə gəlmək olur ki, redaksiyalar iş prinsiplərini bu kodekslərlə çərçivələndirib. Yəni jurnalist ilk gündən bilir ki, çalışacağı KİV-in siyasəti necədir və ona əməl etmədikdə hansı hallarla qarşılaşa bilər. Qlobal media etikasının məqsədi beynəlxalq xəbər mediası dövründə jurnalistika təcrübəsi üçün prinsiplərin və standartların hərtərəfli inkişafına nail olmaqdır. Bununla yanaşı hər bir ölkənin media qurumları Qərb və ABŞ-ın onların fəalliyyətinə təsirini azaltmaq, müdaxilə etməmək üçün yerli qanunlar və prinsiplərlə çıxış edərək işlərini mövcud şəraitə uyğun tarazlaşdırmağa çalışırlar.

Amma bir prinsipial məqamı yaddan çıxartmaq olmaz. Jurnalistin informasiyanı əldə etməsi və onun ötürülməsi dəyişilməz olaraq qalır. Dəyişən sadəcə informasiyanın ötürülməsi üsulları və yeni texnologiyanın tətbiqidir. Ona görə biz də bu yeniliklərə, mexanizmlərə və bunlardan doğan etik münasibətlərə uyğunlaşmalıyıq. Bu gün sosial medianın inkişafı yeni etik kodekslərin yaranmasına səbəb olub. Bu baxımdan jurnalistlər öz fəalliyyətlərini əsasən bu istiqamətdə qurmağa çalışır. Amma dediyim kimi bu jurnalistikanın təməl prinsiplərinə zərər verməməlidir. Jurnalistika, istər dünyanın ən demokratik, istərsə də ən avtoritar ölkəsi olsun, hər zaman bir məqsədə xidmət edir-həqiqəti insanlara çatdırmaq. Jurnalist hansısa məmurlara və yaxud hansısa qrup insanlarla işləmir, jurnalist bütöv cəmiyyətlə işləyir və bu cəmiyyətdə hər təbəqədən insan var. Yalnız, bir məqamı da unutmayaq ki, jurnalistin peşəkar və ya qeyri-peşəkar olması, onun etik kodekslərə əməl edib etməməsi bütün cəmiyyətlər üçün eynidir. Bir məqamı çıxmaq şərtilə. Bu da jurnalistlərin düşdükləri situasiya ilə bağlıdır. Məhz situasiya jurnalistin peşəkarlığa, yoxsa etik normalara üstünlük verməsini müəyyən edir. Düzdür bu məsələdə də çox vaxt mübahisələr yaranır. Dediklərimi iki misalla sizin müzakirənizə buraxacağam.

Jurnalist etikası, yoxsa peşə fəailiyyəti?

Bütün jurnalistin bildiyi bir fakt var- fotoqraf Kevin Karterin uşaqla onun başının üstündə dayanıb ölümünü gözləyən leşyeyən quşla çəkdiyi foto. Bu foto indinin özündə də etikadan söz düşərkən ən çox müzakirə olunan və hələ də birmənalı cavabı olmayan hadisədir. Karter bu fotodan sonra məşhur “Pulitez” mükafatını alır, amma uşağı xilas etmədiyinə görə ünvanına xeyli tənqidlər səsləndirilir və o intihar edir.

İllərdir müzakirə olunan bu məsələnin mahiyyəti də məhz burdadır. Karter o uşağı xilas etsəydi, jurnalist etikasına və ya peşəsinə xəyanət etmiş olacaqdımı?

Bu sualın cavabını vermək heç də asan deyil. Situasiya, jurnalistin psixoloji durumu hətta mənsub olduğu milli və dini amil belə bu hadisədə rol oynaya bilər. Karter bu məsələdə peşəkarlığa üstünlük verdi və uşağı xilas etmədi. Peşəkar kimi mükafat aldı. Amma ona olan mənəvi hücumlar qarşısında duruş gətirə bilmədi. Etdiyi hərəkətin yalnış olduğu qənaətinə gəldi və intihar etdi.

İndi yazacağım digər bir hadisədə isə əks prosesi baş verir.

Bosniyadan Neratva çayı axır. Serblər Bosniya savaşında minlərlə dinc sakini öldürərək bu çaya atıblar. Müharibədən sonra hər il bosniyalı vətəndaşlar, həlak olanların qohum-əqrabaları bu çayın sahilinə gələrək axar suya gül dəstələri atırlar. Və bununla da ölənlərə öz ehtiramlarını bildirirlər.

Mənim də tanıdığım Əl-Cəzirə televiziyasının müxbiri, milliyətcə türk olan Rəsul bəy bu hadisəni lentə almaq üçün Bosniyaya gedir. Və çaya gül atılan günü oradan reportaj hazılayır. Serb faşistlərinin törətdikləri faciə barədə Rəsul bəyə ölənlərin qohumları, hadisənin şahidləri müsahibələr verir. Bu məlumatlardan təsirlənən Rəsul bəy reportajını çaya gül atmaqla bitirir. Sonradan bəzi Qərb jurnalistləri bu reportajda müxbirin çaya gül atmasını tərəf saxlamaq kimi dəyərləndirərək jurnalist etikasına uyğun olmadığını bildirir. Amma Rəsul bəylə söhbət etdikdə o bu cür fikirləşmir. Və çaya gül atmasını faşist serblərin törətdiyi cinayətlər nəticəsində həlak olan bosniyalılara bir ehtiram nümayiş etdirdiyini qeyd etdi.

Gördüyünüz kimi jurnalistikada etik normalarla peşəkarlıq arasında elə də dərin bir xətt yoxdur. Etika ilə peşəkarlıq arasında məsafəni müəyyən etmək elə də asan deyil. Bu məsafəni peşəkar jurnalistlər situasiyaya uyğun müəyyən etməyə çalışır.

Buna görə də, etik yanaşmalar dedikdə, məncə zamana, məkana və şəraitə görə davranış qaydaları nəzərdə tutulmalıdır. Jurnalist insandır və o da peşə fəalliyyəti zamanı dilemmalar, hətta polilemmalar qarşısında qala bilər.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

visiontv.az