Bu Türk Dünyası üçün tarixi addımdır - deputat Nəsib Məhəməliyev
Bu Türk Dünyası üçün tarixi addımdır - deputat Nəsib Məhəməliyev
14.11.2021 Nəsib Məhəməliyev Tərəfindən

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Toplantısı Türkiyənin İstanbul şəhərində keçirildi və Təşkilatın adı dəyişdirilərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (TDƏŞ) adlandırıldı.

Hesab edirəm ki, bu Türk Dünyası üçün son dərəcə əlamətdar, tarixi bir addımdır”. Bunu azerforum.com-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili əlavə edib ki, ilk dəfə 2009-cu ildə Naxçıvan şəhərində cəmi 4 dövlətlə təmsil olunan sammit, indi 7 dövlətin iştirakı ilə keçirildi: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstanın tam üzvlüyü ilə yanaşı, Türkmənistan müşahidəçi qismində Təşkilatda yer aldı. Müəyyən obyektiv və subyektiv gerçəklikləri nəzərə almaqla, düşünürəm ki, İstambul sammitində Türk Dünyasının gələcəyinə hesablanmış ciddi addımlar atıldı.

Azərbaycanın, sədrliyi dövründə Təşkilata verdiyi töhfəyə gəldikdə isə, ən gözəl qiyməti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Ordeni təqdim edərkən, ətraflı şəkildə qeyd etməklə, Prezident İlham Əliyevi Müzəffər Ali Baş Komandan adlandırdı. Bununla da, digər Türk dövlət Başçılarına Azərbaycan Liderinin müstəqil, cəsarətli siyasət apardığını, Türk Dünyasının birləşməsi, inteqrasiyası istiqamətində gördüyü işlər barədə mesaj verdi. Heç kim üçün sirr deyil ki, 44 günlük Vətən müharibəsinin nəticələri bölgədə köklü dəyişikliklərə səbəb olub.

Azərbaycanın beynəlxalq nüfuzu, Türkiyənin, dünyanın bir çox coğrafiyalarında əldə etdiyi hərbi-siyasi qələbələr, bütövlükdə Türk dünyasında həm ölkəmizə, həm də qardaş ölkəyə olan inamı birə-beş artırıb. Müasir dünyanın yeni çağırışlarını qarşılamaq və dövlətlərin təhlükəsizliyini, müstəqilliyini təmin etmək üçün mütləq belə bir Təşkilatda birləşməsi tarixi zərurətdir. Bu baxımdan Pandemiya dövründə Prezident İlham Əliyevin onlayn formatda keçirdiyi konfransın xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Hesab edirəm ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası yaxın zamanlarda daha da güclənəcək və beynəlxalq münasibətlər sistemində özünə layiq söz sahibinə çevriləcəkdir”.

Visiontv.az