Bu terror hadisəsini erməni diversantlarının törətmiş olduğunu ehtimal etmək olar - deputat Nəsib Məhəməliyev
Bu terror hadisəsini erməni diversantlarının törətmiş olduğunu ehtimal etmək olar - deputat Nəsib Məhəməliyev
05.06.2021 Nəsib Məhəməliyev Tərəfindən

Özlərini məzlum, əzilmiş, humanist xalq kimi dünyaya sırıyan bir vəhşi tayfa, dəfələrlə edilən müraciətlərə baxmayaraq minalanmış ərazilərin xəritələrini təqdim etmir.

Hər şeydən əvvəl Kəlbəcərdə öz vəzifə borclarını yerinə yetirərkən tank əleyhinə minaya düşərək həlak olmuş jurnalistlərə Allahdan rəhmət, doğmalarına səbir diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Terror aktını kəskin şəkildə qınayıram. Hər şeyi adı ilə çağırmaq lazımdır. Bu dinc əhaliyə, insanlığa  qarşı törədilmiş, terrordur. Fərqi yoxdur, müharibədən əvvəl və yaxud sonra basdırılmışdır. Hər iki halda məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Özlərini məzlum, əzilmiş, humanist xalq kimi dünyaya sırıyan  bir vəhşi tayfa, dəfələrlə edilən müraciətlərə baxmayaraq minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bununla da, beynəlxalq humanitar hüququ pozmaqla cinayətlərini davam etdirir. 

Son hadisələrin xronikası və 10 noyabr üçtərəfli bəyannamənin bəzi müddəalarının yerinə yetirilməməsi, Azərbaycan tərəfinin öz ərazisində antiterror əməliyyatlarının keçirməsi üçün hüquqi əsas yaradır. Düşünürəm ki, vəziyyətin dözülməz olduğu barədə erməni tərəfinə və sülhməramlılara rəsmi xəbərdarlıq  edilməlidi, İstənilən növbəti təxribatlara ağır şəkildə cavab veriləcəyi bildirilməlidir. 

O ki qaldı minaların nə vaxt və kim tərəfindən basdırılmasına burada müxtəlif versiyalar irəli sürmək mümkündür. Əsas versiyalarla yanaşı düşünmək olar ki, bu erməni diversantlarının işidir.  Nəzərə alaq ki, bu yaxınlarda gecə vaxtı 6 nəfərdən ibarət erməni diversiya qrupu hərbçilərimiz tərəfindən əsir götürüldü. Onlar məhz mina basdırdıqları zaman "iş başında" yaxalanmışdılar. Buna görə də ehtimal etmək olar ki, bu terror hadisəsini erməni diversantları törətmişlər.

Visiontv.az