Bu şəxslər işsizlikdən sığorta haqqı ala biləcəklər - AÇIQLAMA
07.08.2020

Milli Məclis bu gün “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.

Visiontv.az xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, yeni dəyişikliklərə görə, yalnız iş yeri ixtisar olunanlar deyil, həmçinin əmək müqaviləsi müddəti başa çatanlar və eləcə də çalışdığı qurum və ya hüquqi şəxs ləğv olunanlar da işsizlikdən sığorta haqqı ala biləcəklər:

"Parlamentin plenar iclasında eyni zamanda öz ərizəsi ilə işdən çıxanlara sığorta haqlarının verilməsi mexanizminin hazırlanmasını təklif etdim. Belə ki, bəzi hallarda iş yeri ixtisar edilmir, sadəcə sahibkar fərqli səbəblərdən işçini işdən azad edir.

Əksər hallarda da işçiyə təklif olunur ki, öz ərizəsi ilə işdən ayrılsın. İşçi də əmək tarixçəsinin pisləşməməsi üçün ərizə yazıb işdən ayrılmaq məcburiyyətində qalır. Bu halda isə həmin şəxsin sığorta haqları ödəməsinə baxmayaraq, işsizlikdən sığorta haqqı almaq hüququnu itirir.

Təklifim həmin şəxslərə də sığorta haqqının verilməsinin təmin olunması üçün yeni mexanizminin hazırlanması və qanunvericilikdə bunun nəzərə alınması oldu".